Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mənfur erməni vandalizminin növbəti təzahürü



Newscenter.az.6.06.2021. Minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi mənfur erməni vandalizminin növbəti təzahürüdür. AİH Konvensiyasına görə, aktiv əməliyyatlar bitdikdən sonra tərəflər bu xəritələri bir-birinə təqdim etməlidir. Ermənistan tərəfi isə onlarda belə bir xəritənin olmadığını iddia edir. Halbuki müharibə dönəmində bu xəritələr yalnız qarşı tərəfə təqdim edilmək üçün deyil, həm də əməliyyat bölgələri dəyişərkən minaların da yerdəyişməsini icra etmək üçün hazırlanır. İkinci tərəfdən, müharibə bitdikdən bugünə qədər Qarabağda mina partlayışı nəticəsində dünyasını dəyişən insanların statistikası və milliyəti də göstərir ki, nəinki ermənilər, hətta rus sülhməramlıları da bu xəritəyə sahibdirlər. Rusiyanın Azərbaycana qarşı sərgilədiyi şovinist mövqe burada da aşkar sezilməkdədir. 3 mülki vətəndaşımızın öldürüldüyü mina olayı günü, Rusiyanın İrəvandakı səfiri Zəngəzura səfər edir və sərhəd məsələlərində Ermənistanın yanında olduğunu bəyan edir. Avropa ölkələrinin Bakıdakı səfirlərinin demək olar hamısı mina faciəsinə görə Azərbaycanın kədərini bölüşür, Ermənistanı mina xəritələrini təqdim etməyə çağırırlar. Lakin Rusiyanın Azərbaycandakı səfiri həmişə olduğu kimi susur.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsinin strateji, hüquqi və mənəvi əsasları yoxdur. Mənfur düşmənin öhdəliyini yerinə yetirməmə səbəbi 1) Azərbaycan xalqını qorxu içərisində saxlayaraq xof yaratmaq, 2) bölgədə inteqrasiya və rekonstruksiya prosesini gecikdirərək Qarabağın dirçəlişinə əngəl olmaq, 3) məğlubiyyətlərini həzm etməyərək qarşı tərəfdən riyakarcasına qisas almaqdır. Ancaq bu əməllər həm də yerli ermənilərin də bölgəyə köç edib birgəyaşayışına mane olur ki, bu faktın özü bir daha onların sülhə meyilli xalq olmadığını, yad toprağında olduqları üçün gözlərini qırpmadan talan etdiklərini ortaya qoyur.

Biz, dövlət səviyyəsində bir daha Ermənistandan beynəlxalq hüquqi öhdəliklərinə əməl etməsini və minalanmış ərazilərin xəritələrini və bu məsələ ilə bağlı hər hansı bir vacib məlumat verməsini tələb etməliyik. Avropa Ədalət Məhkəməsini, Ermənistan bundan imtina etdiyi müddətdə müdaxilə etməyə çağırmalıyıq. Ermənistanın hüquq pozuntusu sadəcə xəritəni təqdim etməməklə bitmir. Bildiyimiz kimi müharibə aparmağın da, müharibədən sonrakı dövrün də beynəlxalq hüquqla təsbit olunmuş qayda və qanunları var. Yaşayış məntəqələri ərazilərində, çaylar boyunca, yol kəsişmələrində və qəbiristanlıqların yaxınlığında minaların basdırılması, Minalar Əleyhinə Konvensiyasının prinsiplərinin pozulmasıdır.
Digər tərəfdən, Ermənistan hər zaman olduğu kimi, heç bir beynəlxalq hüquq prinsipinə, özünün də imzaladığı heç bir konvensiyaya və heç bir humanizm prinsipinə əməl etməyən, əzəli Azərbaycan torpaqlarında Rusiya imperiyasının Qafqazda forpostu rolunu oynamaq üçün Yaxın Şərqdən köçürülmələrlə yaradılan marionet bir "dövlət"dir. Ona görə də, bu cür mənfur düşməndən təqdim edəcəkləri xəritənin də düzgünlüyünü gözləmək absurd olardı.

İstənilən halda bizim indiki halda atacağımız addım bu yöndə informasiya mübarizəsini gücləndirmək, beynəlxalq təşkilatları duyarlılığa vadar etmək, Ermənistana qarşı sanksiyaların kəskinləşdirilməsini tələb etmək, əsas dəstəkçisi Rusiyanı seçim qarşısında qoymaqdır. Rusiya "dost" mövqeyini ortaya qoyaraq, ya əlindəki xəritələri Azərbaycan tərəfinə də təqdim etməlidir, ya erməniləri məcbur etməlidir ki, (sülhün "qarantı" olaraq) onlar boyunlarının borcu olaraq qalib tərəfə təqdim etsinlər, ya da Milli Məclis sülhməramlıların Qarabağda qalması məsələsinə yenidən baxmalıdır. Beynəlxalq qurumlar da artıq başa düşməlidir ki, Azərbaycanın 30 illik səbr kasası daşdıqdan sonra hüququn bərpasını güc yoluyla həll etdiyi kimi, bu təxribatların da qarşısını dəmir yumruqla alacaq. Mövcud reallıqları düzgün qiymətləndirməkiyik. Biz yumşaq mövqe nümayiş etdirdikcə, dövlətçiliyimiyə qarşı imperialist güclərin təzyiqinə adekvat sərt cavab verilmədikcə, erməni-rus tandemi öz mənfur taktikasını davam etdirəcəkdir.

Züriyyə Qarayeva-politoloq
Xəbəri paylaş