Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ilə İsrail təbii-tarixi müttəfiqlər sayılır



Newscenter.az.7.06.2021. Azərbaycanın ən yaxın müttəfiqlərindən biri olan İsraildə yepyeni bir dönəm başlayır. Artıq Binyamin Netanyahu dönəmi bitdi. Bu günlərdə İsraildə həm yeni prezident seçilib, həm də yeni hökumət qurulub. Biz bu dost ölkənin yeni prezideti İsaak Herzoqa, eləcə də yeni hökumətin liderləri Naftali Bennet və Yair Lapidə uğurlar diləyirik. Həmçinin ümid edirik ki, İsraildəki hakimiyyət dəyişikliyi Azərbaycanla münasibətlərin bundan sonra daha da inkişaf etməsinə təkan verəcək.

İsrail-Azərbaycan münasibətləri təkcə dövlətlərarası iqtisadi-siyasi maraqlar üzərində qurulmayıb. Bu iki ölkə arasında əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan və yəhudi xalqlarının tarixdən gələn dostluq və qardaşlıq ənənələrinə söykənir. Xalqlarımızın bir-birinə qarşı isti münasibəti və ölkələrimizin müttəfiqliyi bütün hökumətlər dönəmində dəyişməz olaraq davam edib və bundan sonra da davam edəcək. Bu İsrail üçün də, Azərbaycan üçün də prioritet istiqamətlərdən biridir.

Azərbaycan ilə İsrail təbii-tarixi müttəfiqlər sayılır. Ona görə də bu gün bu iki dost ölkə arasında istər iqtisadi, istər hərbi, istərsə də elmi və mədəni sferalarda sıx əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan İsrailə ildə 40 milyon barrel neft və neft məhsulları ixrac edir. İsrail də öz növbəsində bizim ölkəmizə tibb, kənd təsərrüfatı, elm sahələrindən tutmuş hərbi sahəyə qədər, ən müasir texnologiyalarını, texniki vasitələrini satır. Eləcə də, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidənqurulması işlərində də İsrail şirkətləri yaxından iştirak edirlər. Bir sözlə, bizim İsraillə münasibətlərimiz və əməkdaşlığımız çoxşaxəlidir. Qarşıdakı illərdə Azərbaycan-İsrail münasibətlərinin daha da dərindən inkişafı etdirilməsi üçün yeni perspektivlər açılacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş