Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hökuməti sərhəddə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib



Newscenter.az.8.06.2021. Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun yenə də ərazimizə minalanmaq üçün daxil olması onların bir daha təxribat törətməyə cəhd etdiklərini göstərir. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən tərəfindən bir nəfər saxlanılıb, digər üzvləri geri çəkilərək ərazidən qaçıblar. Bununla da Ermənistan rəhbərliyi özünün çirkin niyyətlərindən və əməllərindən əl çəkmədiyini göstərmiş oldu. Baş verənlər onu təsdiqləyir ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətindən nəticə çıxarmayıb.

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam etdirdiyi təcavüzü və hazırki mövqeyi bir daha təsdiqləyir ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərindədir. Bu mənada Ermənistan hökuməti sərhəddə vəziyyəti gərginləşdirməklə ciddi səhvə yol verib. Kəşfiyyat qrupunun Azərbaycana daxil olmaq cəhdi regionda hansısa ciddi oyunların getdiyindən xəbər verir. Görünür ki, müəyyən qüvvələr Azərbaycanda yenidən gərginlik yaratmaq istəyir. Təbii ki, bu cəhdlər əbəsdir. Bütün bu cür cəhdlərin qarşısı ordumuz və dövlətimiz tərəfindən alınır. Heç bir təxribat reallaşdırılmayacaq. Ermənistan rəhbərliyi bu cür addımlarla böyük səhvə yol verir.

Ermənistanın budəfəki təxribatı daha çox siyasi motivlidir. Birincisi, Vətən müharibəsində məğlub olduqdan sonra Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində ölkə daxilində böyük narazılıq yaranıb. Son bir neçə aylar ərzində müxalifətlə Paşinyan, xalqla Ermənistan rəhbərliyi arasında güclü qarşıdurmalar yaşanır. Anlaşılan odur ki, demokratiya və rifah adı ilə küçədən hakimiyyət başına gətirilən Paşinyan ermənilərin ümidlərini doğrultmadı. Ona görə də Paşinyan hakimiyyəti xalqla ciddi qarşıdurma həddindədir. İkincisi, son vaxtlar Ermənistanın beynəlxalq səviyyədə də ifşa olunması prosesi genişlənib. Prezident İlham Əliyevin hər beynəlxalq tədbirdə Paşinyanı və Ermənistanın dövlət siyasətini faktlarla ifşa etməsi erməni cəmiyyətində də narazılıqlar yaradır. Üçüncüsü, Azərbaycanın pandemiya dövründə beynəlxalq miqyasda diqqət mərkəzinə gəlməsi, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, dünyanın rəğbətini qazanması Ermənistan rəhbərliyində paxıllıq hisləri yaradır.

Bütün bu səbəblərdə də Ermənistan təxribatlara əl atır, sərhəddə münaqişə törədir. Bununla da həm erməni ictimaiyyətinin diqqətini yayındırmağa, həm də Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa cəhd edir. Amma belə vəziyyət bu ölkənin özünün vəziyyətini daha da çətinləşdirəcək və ağır duruma düşəcəklər. Elə Ermənistanın məsuliyyətsiz hərəkətləri, qeyri-konstruktiv addımları, təxribatçı hərəkətləri 44 günlük müharibəyə gətirib çıxardı. Nəticədə isə Azərbaycan 30 ilə yaxın zamanda ədaləti bərpa edə bilməyən böyük dövlətlərin və beynəlxalq təşkilatların əvəzinə haqqı təmin etdi, ərazi bütövlüyünü bərpa elədi. Bu, artıq yeni reallıqdır və bunu heç kəs dəyişə bilməz. Ermənistan tərəfi, eyni zamanda, ona himayədarlıq edənlər birdəfəlik dərk etməlidir ki, Güclü Azərbaycan Ordusu düşmənin hər bir təxribatının qarşısını almağa hazırdır.

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş