Newscenter.az. 8.06.2021. Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tikinti işlərinə start verilib. Yolun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunda agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihəyə uyğun olaraq yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür.
2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Bununla yanaşı layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində yeni dəmir-beton körpüsünün inşası nəzərədə tutulub ki, bu istiqamətdə artıq köhnə körpünün sökülməsi işləri yekunlaşıb və yeni avtomobil körpüsünün inşasına başlanılıb.
Layihənin sonuncu mərhələsində yol boyu hərkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yolda müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, sözügedən avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Bu üzdən yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq. Yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yol bu ərazidə kənd təsərrüfatının inkişafına səbəb olmaqla yol boyu yaşayan əhalisinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
Anar