Newscenter.az.8.06.2021. Son dövürlərdə dünyada yeni turizm rekreasiya növlərinə maraq getdikcə artır. Lüks otellər, geniş hovuzlar, Spa bunlar gözəldir, ancaq insanlar artıq aktiv turizm növlərinə daha çox meyl etməyə başlayıblar. Bütün dünyanın sürətlə sanayeləşdiyi bir vaxtda insanın təbiətlə təması da paralel olaraq zəifləməkdədir. Turizm və kənd təsərrüfatını birləşdirən bir konsept - aqroturizm... Bir tərəfdən insanları şəhərin stresindən uzaqlaşdıraraq təbiətə qovuşmalarını təmin edir, digər tərəfdən də ziyarətçiləri əyləndirərək maarifləndirir, ferma və ya kənd təsərrüfatı işlərinə cəlb edir, kənd təsərrüfatı istehsalı və emalı müəssisələrinə ekskursiyalar təşkil edir və s. Dünyada bu turizm növünün təsərrüfat turizmi (farm tourism), kənd turizmi (village tourism), yaylaq turizmi (highland tourism), aqroturizm (agro-tourism), ekoturizm (ecotourism) kimi fərqli adlarla adlandırılması məhz əhatə dairəsinin geniş olmasından xəbər verir.
ABŞ əhalisinin 70%-i aqroturizmdən faydalanır, Hollandiyali turistlərin 39%-i turistik məkan olaraq kənd yerlərini daha çox tərcih edirlər, İngiltərə əhalisnin ¾-ü ildə ən az bir dəfə kəndləri ziyarət edirlər. Məsələn, ABŞ-da balqabaq və ya qarğıdala yığımına qoşulma, maldarlıq fermalarında yemləmə və ya tarlalarda əkin proseslərində iştirak, kənd sakinləri ilə görüşlər, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını ziyarət, kənd təsərrüfatı muzeylərinə və ya şərabçılıq müəssisələrinə ekskursiyalar, istehsal olunan məhsulların dequstasiyası, meyvə bağlarına turlar kimi aqroturizm xidmətləri təklif olunur.
Aqroturizm sahəsində ən inkişaf etmiş 5 ölkəni sayacaq olsaq bunlar, Fransa, İtalya, İspaniya, Almaniya və İngiltərədir. Məsələn, İtalyada 1960-1980-ci illər arasında kəndlərdə məskunlaşmış 5 milyondan çox İtalyan vətəndaşı torpaqlarını tərk edərək şəhərlərə köç etdilər. Kəndlərin kütləvi tərk edilməsini görən İtalyanın Kənd Təsərrüfatı və Turizm Dərnəyi aqroturizm fikrini ortaya atdı. İlkin olaraq, kənd təsərrüfatı ilə məşğul olanların evlərini kirayə vermələri, istehsal etdikləri məhsulları markalaşdırmaları üçün dəstək verilməsi nəzərdə tutulurdu. Artıq bir müddət keçdikdən sonra bəzi bölgələrdən (xüsusilə, Abruzzia) şəhərə köçün azaldığı, kənd sakinlərinin turizmə yönəldikləri müşahidə olundu. Diğər tərəfdən də bəzi bölgələrdə (Tuscany, Umbria, Latium, Liquria və s.) kənd evləri yenidən inşa edilərək müasir tərz villalara çevrildi. Hazırda Latium bölgəsində turistlərə qonaqlama, atla gəzinti, göldə balıq tutma, ənənəvi İtalyan mətbəxinin yeməklərini dadma kimi xidmətlər təklif olunur. Bu ölkədə aqroturizmi seçənlərin 60%-i ailələr olduğu üçün bir növ “ailə turizmi” olaraq qəbul edilir. 2004-cü idə İtalyan hökumət bu sahəyə 441 milyon avro maliyyə dəstəyi ayırdı.
Aqroturizmdə aparıcı olan digər bir ölkə İspaniyada bu sahə demək olar ki, son 20 ildə inkişaf edib. 1994-cü ildə sayı 1074 olan kənd təsərrüfatı turizm müəssisəsi 2003-cü ildə artıq 6534-ə çatdırılmışdı. Sakinlərinin əksəriyyəti heyvandarlıqla məşğul olan Ribaqorza və Sabrarbe kantonlarından əhalinin şəhərlərə kütləvi köç etməsinin qarşısını almaq üçün aqroturizmin inkişaf etdirilməsinə qərar verildi. Nəticədə, Madrid və Barselona kimi şəhərlərə kütləvi köçün demək olar ki, qarşısı alındı və kənd yerlərinin sosial-iqtisadi inkişafına nail olundu.
Agroturizm istehsalçılara əlavə gəlir mənbəyi yaratmaqla yanaşı, kənd təsərrüfatının inkişafına da öz töhvəsini verir. O cümlədən, istehsalçıların məhsullarını dünya bazarına çıxmalarının əlverişli yoludur. Kənd yerlərindən əhalinin sürətlə köç etməsinin qarşısını almaq və kəndlərdə məskunlaşan vətəndaşların davamlı inkişafına nail olmaq üçün aqroturizm sahələrinin tez bir zamanda yaradılması, kənd təsərrüfatı iqtisadiyyatının dayaq nöqtəsi olan ailə müəssisələrinin dəstəklənməsi, kənd iqtisadiyyatının çeşitləndirilməsi vacibdir. Məlumdur ki, COVİD-19 pandemiyası dünya turizm sektoruna ağır zərbə vurdu. Ancaq hər çətinlikdə bir ibrət var deyiblər. Bu, rekteasiya növünün daha yaxşı formada qurulması, davamlı, əhatəli, qeyri-ənənəvi təşkili, kənd yerlərinin turizmə qoşulması üçün bir stimul ola bilər.
Vəziyyəti nəzərə alan BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization) ilə Dünya Turizm Təşkilatı (World Tourism Organization) birgə kəndlərin inkişaf səviyyəsini yüksəltmək üçün davamlı kənd təsərrüfatı turizmini təşvik etməyi planlaşdırır. FAO-WTO tərəfdaşlığı, FAO-nun qlobal əhəmiyyətli kənd təsərrüfatı irsi sistemləri (GIAHS) sahəsində aqriturizmi təşviq etməklə başlayacaq. Məqsəd təkcə diqqət cəlb edən təbiət mənzərələri ilə tanış etmək deyil, həmçinin kəndlərdə əhalinin yaşayış səviyəsini yüksəltmək, yoxsulluqla mübarizə aparmaq, gənclərə yeni iş inkanları yaratmaq, kənd təsərrüfatı təcrübələrini, ənənə və yeniliyi özünəməxsus şəkildə birləşdirməkdir.
Vüsalə Əhmədova-iqtisadçı ekspert