Newscenter.az.8.06.2021. Niderland Krallığında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Təşkilatının birgə təşkilatçılığı ilə təknəfərlik səssiz aksiya gerçəkləşdirilib.
Newscenter.az xəbər verir ki, etiraz aksiyasında iştirak edənlər üzərində - Qarabağı minalardan azad et! (Free Karabakh From Mines), Mina ölümlərini dayandır! (Stop Deaths From Mines) və #ölkəmiziminalardanazadet(#FreeUsFromLandMines) – sözləri yazılmış ağ köynəklər geyinərək Haaqa şəhərinin Mərkəzi Vağzalından (Den Haag Centraal) başlayaraq səssiz yürüyüblər. Yürüyüş Mərkəzi Vağzaldan başlayaraq Sülh Sarayının qarşısında bir nəfərlik aksiya ilə davam etdirilib. Belə ki, Sülh sarayının qarşısında hər 10 dəqiqədən bir əlində plakat olan ağ köynəkli şəxs dəyişdirilib və təknəfərlik səssiz aksiya bir neçə saat boyu sürüb. Plakatlarda Ermənistanın mina xəritələrini verməsi, bağlanmış sülh müqaviləsinin şərtlərinə qeyri-şərtsiz əməl etməsini tələb edən şüar və şəkillər göstərilib.
Aksiya təşkilatçıları “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və “Odlar Yurdu” Niderland-Azərbaycan Təşkilatının rəhbəri Firəngiz Bağırovadan aldığımız məlumata görə, Kəlbəcərdə minaya düşərək faciəvi şəkildə həlak olan media işçilərimizin timsalında bütün mina qurbanlarının səsini Avropaya çatdırmaq üçün xaricdə yaşayan soydaşlarımız da əllərindən gələni etməyə çalışırlar. Bu aksiyamız da səssiz aksiyadır və həm digər diaspora təşkilatları, həm də fərdi şəxslər tərəfindən Niderlandın müxtəlif şəhərlərində həyata keçiriləcək. Bundan başqa, bütün təşkilatlar və Azərbaycan icması adından beynəlxalq qurumlara məktub və bəyanatlar da göndərilib.
Qeyd edək ki, bu aksiya ilk deyil, aprel ayında da “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi Ermənistan səfirliyinin qarşısında “Sahibsiz ayaqqabılar!” səssis aksiyası keçirərək ictimaiyyətin diqqətini bu faciələrə yönəltmişdi.
Mehman