Newscenter.az.8.06.2021. Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı ədalətli mübarizədə nümayiş etdirdiyi sərkərdəlik qətiyyəti xalqımıza Zəfər qazandırdı. Həmçinin, yenidən öz kimliyimizi qaytardı və bu fəxarəti Azərbaycanla yanaşı, bütün türk dünyası yaşayır.
Şanlı Qələbədən sonra Qarabağ torpağı bütün türk xalqlarını daha da birləşdirdi. Azərbaycanın Türkiyə ilə dostluq, qardaşlıq və dövlət rəhbərləri səviyyəsində sərgilənən həmrəylik bütün dünyaya bir nümunə olub. Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə eyni milli dəyərlər birləşdirir. Ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır.
44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək bunun bariz nümunəsidir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir.
Azərbaycan və Türkiyə arasında çoxsahəli əməkdaşlığın genişləndirilməsi üçün həyata keçirilən tədbirlər yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcək.
İki dövlətin həmrəyliyi və əməkdaşlığı bizim ölkələrimiz qədər də dünya birliyinin şansıdır. Türkiyə və Azərbaycanın olduğu yerdə dünyamız qarşılıqlı etimaddan, qardaşlıqdan, birlik və həmrəylikdən heç nigaran qalmayıb, fərqli qitələrdə və materiklərdə çətinlik və böhran olan yerlərdə həmrəylik uğrunda arxayın mübarizə apara bilər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri Azərbaycanın işğalda olan ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdi.
Hər iki ölkənin hakim partiyaları –YAP və AKP arasında uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. 2021-ci il iyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəkdir.
Dövlətlərimiz arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Vurğulamaq lazımdır ki, bu dostluq, qardaşlıq əbədi yaşayacaq. Çünki biz bir-birimizə qanımızla, canmızla, dilmizlə, dinmizlə bağlıyıq.
“Bir millət, iki dövlət” – Ümummilli Lider Heydər Əliyev
“Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” – Müstafa Kamal Atatürk
Bu kəlamlar Türkiyə-Azərbaycan qardaşlığını ifadə edir.
Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi