Newscenter.az.9.06.2021. "Saxta və düzgün təyin edilməyən əlilliklər günümüzün aktual problemlərindən biridir. Seçici müraciətlərinin böyük əksəriyyətində də bu problem qeyd edilir".
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Jalə Əhmədova Modern.az-a açıqlamasında bildirib ki, əlillik, məşğulluq, pensiyaların təyinatı sahəsində bir sıra problemlərin olduğu hamımıza məlumdur:
"Saxta və düzgün təyin edilməyən əlilliklər günümüzün aktual problemlərindən biridir. Seçici müraciətlərinin böyük əksəriyyətində də bu problem qeyd edilir, Dövlət Sosial Müdafiə Fondundan dəfələrlə imtina cavabı aldıqlarını bildirir, bu qurumun fəaliyyətindən şikayətlənirlər. Birinci Qarabağ müharibəsində iştirak etmiş şəxslərin əlilliklə bağlı illərdir ki, dövlət tərəfindən ödənilən təqaüdləri dayandırılıb. Əlilliyin müəyyən edilməsi üçün yenidən müayinədən keçmələri tələb olunan bu kateqoriya insanların bəzilərinin ağır yataq xəstələri olduğunu və sağlamlıqlarının buna imkan vermədiyini qeyd etmək istəyirəm. Yaxşı olardı ki, həmin şəxslərin əlilliklə bağlı yenidən müayinə edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasının üzvlərindən ibarət səyyar komissiya təşkil olunsun, müayinələr vətəndaşın evində aparılsın. Habelə DSMF-nin regionlardakı filiallarının fəaliyyətinə nəzarət gücləndirilsin.
Seçicilərimi narahat edən digər məsələ, iş problemidir. Regionlarda vətəndaşların illərlə rayon Məşğulluq Mərkəzlərinə ayaq döyməsi və müraciətlərinə “gedin, iş olanda deyəcəyik” kimi cavablar verilməsi insanların haqlı narazılığına səbəb olur. Yəni 6-8 ildir ki, iş üçün qeydiyyata alınmış vətəndaşların bu günə kimi işlə təmin edilməməsi, ümumiyyətlə nə fəhlə, nə də ali təhsilli insanlara iş olmaması nə dərəcədə düzgündür?! Çıxış yolu olaraq rayonlarda fəaliyyət göstərən, istər özəl, istərsə də dövlət sektorundakı bütün müəssisə və təşkilatların təklif etdikləri vakansiyaların Məşğulluq Mərkəzlərinə verilməsini və Məşğulluq Mərkəzləri üzərində ciddi nəzarət mexanizminin tətbiq olunmasını təklif edərdim.
İşsizlik problemi yaradan səbəblərdən biri də, pensiya yaşına çatmış və pensiya hüququ almış şəxslərin hələ də nəyinsə müqabilində işdə saxlanılmasıdır ki, bu da ali təhsilli gənclərin işsiz qalması deməkdir.
Vətəndaşları narahat edən digər məsələ, güzəştli şərtlərlə pensiya təyinatıdır. Vətəndaş şikayətində yazır ki, 30 illik iş stajının 12 il 6 ayını zərərli istehsalatda çalışıb və 60 yaşı tamam olanda pensiyaya çıxmaq üçün DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edib. Mərkəz isə, pensiya kapitalının 39.600 manat olduğunu və vətəndaşın pensiya kapitalının 31.327 manat təşkil etdiyini əsas gətirərək imtina cavabı verib. Xahiş edirəm DSMF bu məsələyə aydınlıq gətirsin - 31.327 manat sosial kapitalı olan 61 yaşlı vətəndaş 39.600 manat sosial kapitalı neçə ilə toplamalıdır? Onu da qeyd edim ki, 2020-ci il iyun ayının əvvəlində mətbuatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu kateqoriyadan olan vətəndaşlar üçün pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair yeni layihə hazırlaması və layihədə pensiya kapitalının məbləğinin 30 faizə qədər azaltması təklifi barədə məlumatlar yer almışdı.
Qeyd eymək istəyirəm ki, iyunun 8-də Milli Məclisin iclasında müzakirəyə çıxarılmış yeni qanun layihələri, xüsusilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik barədə yeni qanun layihəsi həssas kateqoriyadan olan vətəndaşlarımıza dövlət qayğısının daha da artırılması istiqamətində atılan mühüm addımlardan biridir. Vətəndaşların mənafeyi naminə qanunlara edilmiş dəyişiklikləri və yeni qanun layihələrini müsbət dəyərləndirirəm.
Ruhiyyə