Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail şirkətləri Qarabağın bərpasında iştirak etməkdə maraqlıdır



Newscenter.az.9.06.2021. İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotemlə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Mikayıl Cabbarov Azərbaycan-İsrail siyasi və iqtisadi münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb, 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın haqq işinə göstərdiyi dəstəyə, humanitar səylərə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan-İsrail uğurlu iqtisadi əməkdaşlığı, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində İsrail şirkətlərinin fəaliyyəti vurğulanıb. Qeyd edilib ki, iqtisadi əlaqələrin inkişafında Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının fəaliyyəti önəmlidir.

İqtisadiyyat naziri Azərbaycanla İsrail arasında işğaldan azad olunmuş ərazilərimizin bərpası, enerji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiyalar, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialı vurğulayıb.

İsrailin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Mixael Lotem ölkələrimiz arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini qeyd edib, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin bərpasında iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dikin də iştirak etdiyi görüşdə ikitərəfli iqtisadi tərəfdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb.
Xəbəri paylaş