Newscenter.az.9.06.2021. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonaqlara məlumat verən Dövlət Komitəsinin sədri onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirildiyini, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması üzrə zəruri tədbirlərin davam etdirildiyini bildirib. Bu məsələlərə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da həssas və qayğıkeş münasibət göstərdiyi vurğulanıb.
Azərbaycanın ötən il işğalçı Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyi, 30 illik münaqişəni başa çatdırdığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi işləri aparılır, dağıdılımış şəhər və kəndlərin bərpasına, infrastrukturun yaradılmasına başlanılır. Bu zaman “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilməsi qərara alınıb. Doğma yurdundan ayrı düşmüş məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq.
Minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərilməsi ilə bağlı müraciət edildi. Bildirildi ki, xəritənin ölkəmizə verməkdən imtina edilməsi qayıdış prosesinin uzanmasına, eyni zamanda, həmin ərazilərdə xidməti vəzifəsini yerinə yetirən, işləyən vətəndaşların, o cümlədən doğma yurduna qayıtmağa tələsən bəzi məcburi köçkünlərin həyatlarını itirməsinə səbəb olur. Bildirilib ki, iki nəfər jurnalist və bir nəfər dövlət qulluqçusu bir neçə gün öncə Kəlbəcər rayonu ərazisində öz xidməti vəzifələrini icra edərkən vaxtilə erməni tərəfinin yerləşdirdiyi minanın partlaması nəticəsində həlak olublar. Onların hər üçünün Ermənistanın etnik ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz yurdunu tərk etmiş ailələrin övladları olduğu diqqətə çatdırılıb.
Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş ata yurdu Azərbaycanda olmaqdan məmnunluq ifadə edib. Bildirib ki, Latviya hər zaman Azərbaycana dəstəyini nümayiş etdirib.
Daha sonra məcburi köçkünlərin məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Sevinc