Newscenter.az.10.06.2021. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın bütün sahələrdə dəstəklə təmin olunması üçün geniş miqyaslı işlər aparılır. Həmin vətəndaşların məşğulluğunun təminatı da aparılan işlərin əsas istiqamətlərindən biridir. Postmüharibə dövründə şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 6400-dən çox şəxsin məşğulluğuna dəstək göstərilib. Onlardan 4944 şəxs özünüməşğulluq proqramı ilə əhatə olunaraq, kiçik biznes sahələri yaradılıb, 500-ə yaxın şəxs münasib işlə, 1000-dək şəxs haqqı ödənilən ictimai işlərlə təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edərək onları bu istiqamətdə aparılan işlərdə sosial tərəfdaşlıq və milli həmrəylik prinsipindən daha yaxından iştirak etməyə çağırır.
Newscenter.az-a Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq istəyən işəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyaları barədə məlumatları dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.
Növbəti mərhələdə işsiz və işaxtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər toplanmış vakansiyalar üzrə işlərlə təmin olunacaqlar.
"Vətən uğrunda savaşlarda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və bu savaşlarda sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi də vətənpərvərlik təzahürü, dövlətin siyasətinə mühüm töhfədir. Hər bir işəgötürəni bu nəcib sahədə fəal olmağa səsləyirik. Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!".
Sevinc