Newscenter.az.9.06.2021. Bakıda türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr edilmiş simpozium keçirilib. “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusuna həsr olunmuş tədbiri TÜRKPA, Milli Məclis və Azərbaycanda Atatürk Mərkəzi birgə təşkil ediblər.
Newscenter.az xəbər verir ki, simpoziuma ev sahibliyi edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov tədbiri açaraq iştirakçıları salamlayıb. Başçılıq etdiyi bu qurumun yaranmasında Ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. Atatürk irsinin, ümumiyyətlə türk tarixinin və mədəniyyətinin dərindən öyrənilməsi, təbliğ olunması istiqamətində görülən işlərdən danışıb.
TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov tədbirin təşkilinə verdikləri dəstəyə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya və Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa dərin təşəkkürünü bildirib. Qeyd edib ki, bu simpoziumun təşkilindən əsas məqsəd tariximiz, mədəniyyətimiz, dünyadakı türkdilli xalqların yeri və türk dünyasının gerçək dəyərləri ilə əlaqədar tədbirlər təşkil etməklə türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, beynəlxalq əlaqələrin daha da inkişafına yol açmaqdır. 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük Zəfəri bütün türk dünyasının qələbəsi kimi dəyərləndirən TÜRKPA-nın Baş katibi 2021-ci ildə post sovet məkanındakı türkdilli dövlətlərin müstəqilliklərini qazanmasının 30-cu, Türkiyə Böyük Millət Məclisinin qurulmasının isə 100-cü ildönümlərinin qeyd olunmasının çox mühüm tarixi hadisələr olduğunu bildirib. Azərbaycanda fəaliyyət göstərən Atatürk Mərkəzinin bütün türk dünyası üçün nümunəvi işlər həyata keçirdiyini vurğulayan Altınbek Mamayusupov onu da nəzərə çatdırıb ki, TÜRKPA digər əlaqədar təşkilatlarla birgə türk dövlətləri arasındakı əməkdaşlığa lazımi qanunvericilik dəstəyi verməkdə davam edir.
Açılış mərasiminə videokonfrans formatında qatılan TÜRKSOY-un Baş katibi Düsen Kaseynovun və Beynəlxalq Türk Akademiyasının Prezidenti Darhan Kıdıralinin çıxışları dinlənildikdən sonra simpoziumda iştirak edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və TBMM-in millət vəkili, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri İsmət Uçma türk dünyasının dünəni, bu günü və gələcəyi barədə fikirlərini bölüşüblər.
Sonra tədbirdə Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin videomüraciətləri nümayiş etdirilib.
Milli Məclisin Sədri, TÜRKPA-nın fəaliyyətdə olan Sədri Sahibə Qafarova simpoziuma videomüraciətində türkdilli dövlətlərin parlament üzvlərini, elm və siyasət adamlarını bir araya gətirmiş bu mühüm tədbirə uğurlar arzulayıb. O, simpoziumda aparılacaq fikir mübadiləsinin türk dünyasının dünəni, bu günü və gələcəyi haqqında ümumi baxışların formalaşmasına kömək edəcəyinə inam ifadə edib. Spiker bildirib ki, tarix boyu türkdilli xalqlar bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr veriblər. Dünyanın böyük hissəsinə yayılan xalqlarımız vahid sivilizasiya əlamətlərini qoruyub saxlayıb, onları birləşdirən ortaq dəyərləri daha da zənginləşdiriblər. Çoxsaylı türk dövlətləri xalqlarımızın yaradıcılıq enerjisindən və zəkasından güc alaraq yüksəlib.
Videomüraciətində Sahibə Qafarova XX yüzilliyin 70 ili ərzində qardaş Türkiyə Cümhuriyyətinin yeganə müstəqil türk dövləti olduğunu vurğulayıb. Qeyd edib ki, bu dövlət türk xalqının Qurtuluş savaşında göstərdiyi fədakarlığın, verdiyi böyük qurbanların sayəsində qurulub. Türk xalqının müqəddəratını müəyyən etmiş bu tarixi zəfərdə Türkiyə Böyük Millət Məclisinin müstəsna rolunu bir daha xatırladan Azərbaycan parlamentinin Spikeri deyib ki, məhz bunun nəticəsi olaraq Böyük Millət Məclisi “Qazi Məclis” ünvanını alıb. Əminliklə bildirib ki, 100 yaşlı Türkiyə Böyük Millət Məclisi indiyədək türk xalqına böyük xidmətlər göstərib və bundan sonra da hələ çox xidmətlər göstərəcək.
Uzun illər ərzində Türkiyə Cümhuriyyətinin dünyanın müxtəlif bölgələrində yaşayan qardaş xalqlar üçün cazibə mərkəzi olduğunu qeyd edən Milli Məclisin Sədri deyib ki, XX əsrin sonlarında, 30 il öncə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlət müstəqilliklərini bərpa ediblər, beləliklə, bu gün qədim türk dövlətlərinin varisi olan 6 müstəqil cümhuriyyətimiz var.
Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər təşkilatların xalqlarımızın mütəşəkkil bir qüvvə kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, tarix türk dövlətlərinin qarşılıqlı dəstəyinin nələrə qadir olmasına dair hadisələrlə zəngindir, ötən ilin sonlarında qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi ilə Azərbaycanın 30 ildən bəri erməni işğalında olan torpaqlarını hərbi-diplomatik vasitələrlə azad etməsi bunu bir daha sübuta yetirdi. O qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı ordumuzun Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün türk dünyasına qürur verən hadisə oldu.
Sahibə Qafarova bu böyük qələbənin önəmli nəticələrindən biri kimi, ölkələrimiz arasında birbaşa bağlantı quracaq Zəngəzur dəhlizinin inşası üçün tarixi imkan yaranmasına diqqət yönəldib. Deyib ki, indiyədək bölgədə uğurla həyata keçirilmiş transmilli enerji-nəqliyyat layihələri ilə birlikdə bu dəhliz türk dövlətləri arasında iqtisadi əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.
Müraciətinin yekununda xoş diləklərini çatdıran Milli Məclisin Sədri Sahibə Qafarova qurduğumuz dövlətlərin möhkəm və əbədi olmasını arzulayıb. Simpozium iştirakçılarını türk dünyasının xoşbəxt gələcəyi naminə bizə vəsiyyət edilmiş dil, əqidə və əməl birliyini daim möhkəmləndirməyə, hər sahədə bir-birimizə dəstək verməyə çağırıb.
Sonra tədbirdə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun videomüraciəti dinlənilib. Qardaş ölkənin Spikeri türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümünü və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünü qürurla qeyd etdiklərini, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərindən iftixar duyduqlarını vurğulayıb. Deyib ki, türk dövlətləri arasındakı həmrəyliyin gündən-günə möhkəmlənməsi, iş birliyinin daha da güclənməsi bizlər üçün iftixar mənbəyidir. Hamımız Asiyadan Avropayadək insanlığa ədalət, təvazökarlıq və birlik anlayışını gətirən nəsillərin mirasçılarıyıq. Xalqlarımız arasındakı tarixi bağlardan söz açan TBMM Sədri Mustafa Şentop ortaq dil, din, mədəniyyət kimi amilləri önə çəkib. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən enerjiyədək bütün sahələrdə birlik və həmrəylik çərçivəsində olmaq zərurətini vurğulayıb.
Açılış mərasimi başa çatdıqdan sonra simpozium işini 3 paneldə davam etdirib. “Müstəqilliklərinin 30-cu ildönümündə türkdilli dövlətlər və parlamentlərin rolu” mövzusunda Birinci panelə Milli Məclisin deputatı Cavanşir Feyziyev moderatorluq edib.
Birinci paneldə Qazaxıstanın deputatı Sautbek Abdrahmanov (videokonfrans formatında), Qırğızıstanın deputatı Baktıbek Raymkulov, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Muxamed Lou, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi mövzu ətrafında çıxış ediblər.
Sonra söz elm adamlarına verilib. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Akademik E.A.Buketov adına Karaqanda Universitetinin rektoru professor Nurlan Dulatbekov (videokonfrans formatında), Qırğız Respublikası XİN-in Diplomatiya Akademiyası rektorunun müavini professor Zainidin Kurmanov (videokonfrans formatında) ortaq türk dili və əlifbasının yaradılması, ortaq türk terminologiyası və s. kimi bir sıra mühüm məsələlərdən bəhs ediblər.
Birinci panelin yekununda Ailə fotosu çəkdirilib.
Fasilədən sonra simpozium işini növbəti panellərdə davam etdirib. “İkinci Qarabağ müharibəsində Azərbaycanın şanlı Zəfərinin Türk dünyası üçün önəmi” mövzusunda İkinci panelə Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Milli suverenliyin təzahürü olaraq TBMM və İstiqlal Marşının qəbulu” mövzusunda Üçüncü panelə Milli Məclisin deputatı Sədaqət Vəliyeva moderatorluq ediblər. Panellərdə türkdilli ölkələrin tanınmış elm adamları, ictimai-siyasi xadimləri və deputatları, o cümlədən Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış ediblər.
Simpoziumu tədbirin təşkilatçıları yekunlaşdırıblar.