Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağalar Vəliyev: "15 İyun - Milli Qurtuluş Günü çağdaş dövlətçilik tariximizin ən əhəmiyyətli hadisəsi kimi qeyd edilir"



Newscenter.az.15.06.2021. Xalqımızın Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biridir. Azərbaycanın müstəqil dövlət olaraq qazandığı uğurları Milli Qurtuluş Günündən və bu günün səbəbkarı olan Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyin qorunub saxlanması, onun dönməz xarakter alması birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayılır. Məhz bu qayıdışın nəticəsidir ki, indi hər birimizin qürur duyduğu, uğurlarına sevindiyimiz və bizim üçün dəyərli olan Azərbaycanda yaşayırıq.

Newscenter.az xəbər verir ķi, bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Deputat bildirib ki, Azərbaycan xalqı tərəfindən 15 İyun - Milli Qurtuluş Günü çağdaş dövlətçilik tariximizin ən əhəmiyyətli hadisəsi kimi qeyd edilir. Bu isə onunla bağlıdır ki, insanlar öz həyatlarını və ölkəmizin indiki firavanlığını və gələcəklə bağlı arzu- istəklərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı Qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. Qurtuluş məfkurəsi eyni zamanda Azərbaycan insanının mənəvi böhrandan və deqredasiyadan xilas olması anlamını daşıyır.

Müstəqillik illərinin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üz-üzə qaldığını diqqətə çatdıran millət vəkili Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi təlatümlərdən xilas olaraq dinc inkişaf yoluna qədəm qoyduğunu, respublikada mühüm siyasi və iqtisadi islahatların dönməz xarakter aldığını, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını və Azərbaycan cəmiyyətinin inkişafı üçün təməl prinsiplərinin yaradıldığını bildirib.

Ağalar Vəliyev qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Aydın bir həqiqətdir ki, xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu öndərin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və siyasi anarxiyadan, iqtisadi böhran kimi ümidsizlik aşılayan bəlalardan xilas oldu. Ölkədə sabitlik və əmin-amanlıq təmin edildi, islahatlar həyata keçirildi.

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev bu gün əbədi müstəqilliyinə qovuşmuş müasir Azərbaycan dövlətinin memarı sayılır. Ümummilli liderimizin siyasəti hər zaman ölkəmizin inkişafının və yeniləşməsinin əsasını təşkil edib. 2003-cü ildən bu günə qədər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli inkişafında bu siyasət həlledici rol oynayıb və bu siyasi kursun uğurla davam etdirilməsi sayəsində insanların rifahı əhəmiyyətli dərəcədə yüksəlib, ölkənin hərbi qüdrəti müqayisəedilməz dərəcədə güclənib. Yeniləşmə nəticəsində şəhər və kəndlərimizin siması kökündən dəyişib. Bu gün Azərbaycan dünyada ən uğurlu gənc dövlət kimi qəbul olunur, onun parlaq gələcəyinə olan inam Dünya Birliyində bizə çoxlu dostlar qazandırıb. Ölkəmizin mövqeyinin güclənməsi, bir çox beynəlxalq reytinqlərdə ən mötəbər yerlərdə mövqe tutması insanlarımızın qürur mənbəyinə çevrilib.

Məhz bu uğurlu siyasi kursun məntiqi nəticəsidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən Müharibəsində mütləq Qələbə qazandı və torpaqlarımızın ərazi bütövlüyü təmin edildi.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev 8 noyabr Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Deputat qeyd edib ki, ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı ilə bağlı aparılan sosial siyasət xalqın arzu və istəklərinə cavab verir. Bu gün dövlət başçımız tərəfindən həyata keçirilən siyasətin vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanması Ulu öndər tərəfindən əsası qoyulan xalq-iqtidar birliyinin güclü və davamlı olmasından xəbər verir. Milli Məclisin üzvü onu da vurğulayıb ki, bu günlərdə Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyadalar əleyhinə minaların yerləşdirildiyi ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi böyük bir siyasi-diplomatik uğur kimi dəyərləndirildi və bu bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal altındakı torpaqların düşməndən azad olunması, bərpa işlərinin sistemli görülməsi və böyük qayıdış üçün geniş bir konsepsiya həyata keçirməyə qadirdir. Minalanmış ərazilərin xəritəsinin müqabilində 15 nəfər saxlanılmış erməninin Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilməsi isə Azərbaycanın regional sülh təşəbbüsündə lider dövlət olduğunu təsdiqləyən növbəti addımdır.

Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq.
Xəbəri paylaş