Newscenter.az.15.06.2021. 15 iyun-Azərbaycan xalqının Milli Qurtuluş günüdür. İyirminci əsrin sonlarında ikinci dəfə müstəqilliyini bərpa etmiş gənc Azərbaycan dövləti, tarixinin ən ağır, çətin dövrünü yaşayırdı. Qarabağda erməni qəsbkarları tərəfindən, havadarlarının dəstəyi ilə bir-birinin ardınca rayonlarımızı işğal olunurdu. Bir il əvvəl siyasi hakimiyyətə yiyələnmiş səriştəsiz, dövlət-idarəetmə sistemindən anlayışı olmayan AXC-Müsavat cütlüyü isə xalqın etimadını tamamilə itirmişdi. Hakimiyyət komandasının daxilində baş verən intriqaların nəticəsində biri-digərini qəbul etməyən qüvvələr, çoxsaylı ,,liderlər,, peyda olmuş, subardinasiya prinsipləri pozulmuşdu. Beynəlxalq münasibətlər sistemində imkanlarımızın düzgün qiymətləndirilməməsi, xarici siyasətdə ölkəmizin təklənməsinə, düşmənlərimizin artmasına gətirib çıxarmışdı. Hətta tarixən bizə yaxınlığı ilə seçilən ölkələrlə belə münasibətlərdə ciddi soyuqluq yaranmışdı.
Ölkənin cənubunda ,,talış-muğan respublikası,, adlı separatçı qurum elan olunmuş, Şimal bölgəsində isə, “sadvalçılar” at oynadırdı. Erməni işğalı nəticəsində 100 minlərlə qaçqın, məcburi köçkün ,,ordusu,, evsiz-eşiksiz acınacaqlı vəziyyətdə bütün bölgələrə səpələnmişdi. İyun ayının 4-də Gəncədə qardaş qanı tökülmüşdü. 35 nəfər Milli qvardiyanın günahsız əsgəri qətlə yetirilmişdi. Respublikanın bütün şəhər və rayonlarında kütləvi etirazlar, hakimiyyətə tabesizlik, xaos, anarxiya hökm sürürdü. Mərkəzi hakimiyyətin nəzarətsizliyi ucbatından hər bir yaşayış məntəqəsində silahlı kriminal qruplar ağalıq edirdi. Cəbhə bölgəsindən oğurlanaraq çıxarılmış silahların alveri adi hal almışdı. Müasir atıcı silahlarla təchiz olunmuş həmin bandit dəstələri insan oğurluqlarından tutmuş, ən ağır qətllərə qədər törədilirdi. Bir çox rayonlarda polis əməkdaşları uniformada küçəyə çıxmağa qorxurdu. Cəmiyyətdə ziyalı, ağsaqqal sözü eşidilmirdi. Ən pisi o idi ki, xalq nəinki gələcəyə, sabaha belə inamını itirmişdi.
Belə bir ağır şəraitdə Xalq Naxçıvana üz tutdu və Böyük Dövlət və ictimai xadim Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. İyunun 15-də Heydər Əliyev Ali Sovetə sədr seçildi və tarixə xalqın xilaskarı kimi düşdü. Bununla da müasir, güclü Aərbaycan dövlətinin əsası qoyuldu.
İctimai-siyasi sabitliyə aparan yol təxminən iki il çəkdi. Separatçılığa, hərbi müxalifətə, sui-qəsdlərə, cinayətkarlığa son qoyuldu. Oturuşmuş dövlət idarəetmə sistemi formalaşdırıldı. Atəşkəsə nail olundu. Beynəlxalq təşkilatlarla, ilk növbədə böyük dövlətlərlə münasibətlər quruldu. Yeni konstitusiya qəbul olundu. Cəmiyyətin bütün sahələrində köklü islahatlara başlanıldı. Keçmiş Sovet respublikaları arasında ilk olaraq torpaq, əmlak pulsuz olaraq kənd əhalisinə paylanıldı. Əsrin neft kontraktları imzalandı. Dinindən, etnik mənsubiyyətindən, siyasi əqidəsindən asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrini özündə birləşdirən və Ulu Öndərin müəllifi olduğu “Azərbaycançılıq” məfkurəsi dövlət ideologiyasına çevrildi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin cüzi hissəsini ümumiləşdirilmiş şəkildə xatırlatmaqda əsas məqsədim odur ki, əgər o, zamanında Yaradanın hökmü ilə hakimiyyətə gəlməsəydi, bu günkü Azərbaycan adında dövlət olmayacaqdı. O dövrün ictimai-siyasi proseslərini yaxından izləyən bir insan kimi tam məsuliyyətimlə bəyan edirəm. Heydər Əliyevdən başqa bu problemlərin öhdəsindən gələ biləcək, dövləti xilas edəcək ikinci bir şəxs yox idi. 1988-cildən, 93-cü ilə qədər 5 siyasi hakimiyyət dəyişmişdi. Bir balaca sosial gərginlik yarandıqda, hakimiyyətə rəhbərlik edənlər başlarını götürüb ölkədən qaçmışdılar.
O zamandan 28 il ötüb. Azərbaycan, Heydər Əliyevin siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə, hər tərəfli inkişaf etmiş, beynəlxalq nüfuza malik, regionun lider dövlətinə çevrilmişdir. Dünya erməniliyinə qalib gələrək Qarabağ torpaqlarını işğaldan azad etmişdir. Mübaliğəsiz demək olar ki, 90-cı illərin prizmasından baxdıqda, bu günün nailiyyətləri fantastik görünür. Ancaq, televiziya kanallarında Ulu Öndərin çıxışlarını dinlədikdə, Azərbaycanın bu gününü necə dəqiqliklə ifadə etdiyinin şahidi oluruq. Bu o deməkdir ki, Ümummilli Liderin ruhu şaddır. Onun ideyaları yaşayır və Azərbaycan xalqına xidmət edir.
Əziz həmvətənlər!
Hər birinizi MİLLİ QURTULUŞ günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, əmin-amanlıq, rifah arzulayıram! BAYRAMINIZ MÜBARƏK!!!
Nəsib Məhəməliyev-Milli Məclisin deputatı