Newscenter.az.15.06.2021. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyub.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər əlamətdar bir gündə - 15 İyun Milli Qurtuluş günündə bu təşəbbüsə qoşulub. Ulu Öndər Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət və qayğı göstərib. Münaqişənin ilk illərində ümumilli liderin təşəbbüsü ilə beynəlxalq təşkilatlar məcburi köçkünlərə yardım edib, beləliklə, yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb. Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ərazilərimiz işğaldan azad olunub. İlk dəfə Milli Qurtuluş Gününü ərazi bütövlüyü bərpa olunmuş ölkənin vətəndaşları kimi qeyd edən məcburi köçkünlər himni oxumaqla həm də ölkənin suverenliyi uğrunda vuruşmuş əsgərlərin səsinə səs veriblər. İşğaldan azad olunmuş ərazilərə Azərbaycan bayrağını sancan rəşadətli Azərbaycan ordusunun əsgərləri orada Dövlət himnini ifa edib. Doğma yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan əsgərlərimizin səsinə səs veriblər.
Sevinc