Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: "Möhtəşəm tarixi gün"



Newscenter.az.15.06.2021. Bu gün Xalqımız tarixinin ən şərəfli bir səhifəsini - 15 İyun Milli Qurtuluş bayramını qeyd edir. 28 il əvvəl parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycan Öz Xilaskarı- Ulu Öndər Heydər Əliyevin sayəsində məhv olmaq fəlakətindən qurtuldu və Yeni Yola qədəm qoydu. Və hər şey bu müqəddəs Günlə, möhtəşəm Yolla başlandı.

Bu gün həqiqətən möhtəşəm tarixi gündür, Qurtuluş hərəkatı Azərbaycanın xilasının simvoludur, Zəfərinin parlaq rəmzidir.
28 il əvvəl ərazilərini itirmiş, Qarabağsız, Şuşasız qalmış zəif Azərbaycan bu gün öz ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmiş güclü dövlətə çevrilib.

Qurtuluş Zəfərimizin məntiqi sonu 44 günlük Vətən savaşında qazanılmış parlaq Qələbə oldu. Qurtuluş hərəkatı bizi Qarabağ Zəfərinə gətirib çıxardı.

Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yetirərək işğalçı Ermənistanın tapdağında olan Qarabağımızı azad etdi. Onun Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər yaddan çıxmır: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.

Ulu öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın Xilaskarı, İlham Əliyev isə qalib olkənin qalib Sərkərdəsi kimi Qurtuluşumuzun, Qələbəmizin yeni səhifəsini yazdı.

10 noyabr Zəfərinin təməli, bünövrəsi 15 İyun Qurtuluş Günüdür.

Bu gün Qarabağın hər qarış torpağında, Şuşada Qurtuluş bayramı qeyd edilir, Heydər Əliyevin vaxtilə qurub yaratdığı Qarabağ yenidən qurulur.
Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır.

Xoşbəxtik ki, Uca Tanrı bu günləri də bizə nəsib etdi.

Bu gün həm də Azərbaycan-Türkiyə qardaşlığının möhtəşəm bir Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyev öz qardaşını – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşılayır. Qarabağda, Şuşa qalasında, Gövhər ağa məscidində Azərbaycan və Türkiyənin ay-ulduzlu bayraqları dalğalanır.

Tarixdə ilk dəfə olaraq iki müstəqil qardaş dövlətin başçılarının şərəfinə paytaxt şəhərində deyil, Qarabağda fəxri qarovul düzülür, dövlət himnləri səsləndirilir.

Bu gün Türk dünyasının iki dahi oğlu Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ruhları şaddır. Bundan böyük xoşbəxtlik, qürurverici səhnə ola bilməz. Bundan əzəmətli tarixi hadisə yoxdur.

İki qardaş ölkənin Liderləri Qarabağın tacı - Azərbaycanın mənəvi paytaxtı olan Şuşada dövlət sənədlərini imzalayırlar, yeni təməllər atırlar, gələcək uğur salnaməsinin bünövrəsini qoyurlar. Bu Qurtuluşdan başlanmış yeni Zəfərlərimizin təməlləridir.
Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, Tanrı bu qardaşları qorusun!

Eşq olsun Azərbaycan və Türkiyə qardaşlığına, Zəfər bayramına!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş