Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsinin imzalanması onu göstərir ki, ...



Newscenter.az.19.06.2021. Qardaş ölkənin Prezidentinin – hörmətli Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bir neçə gündür başa çatsa da, lakin Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkədə gündəmin birinci dərəcəli mövzusu olaraq qalır. Bu da təbiidir. Çünki bu Bəyannamənin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərində yepyeni mərhələnin bünövrəsi qoyulub. İndi bu hadisəyə hərə öz bildiyi kimi, öz baxış açısından qiymət verir. Kimisi bunu Türkiyənin Cənubi Qafqaz siyasətinin yeni mərhələsi kimi qiymətləndirir, bir başqası bu Bəyannamənin imzalanmasını təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün, Türk dünyası üçün, Avropa və Asiya üçün çox əhəmiyyətli bir hadisə olaraq dəyərləndirir, üçüncü ekspert isə Şuşa Bəyannaməsinin Qars və Batum müqavilələrindən də üstün əhəmiyyət kəsb etdiyini yazır. Bu bəyannamənin imzalanmasını Azərbaycanın bu gün həm ərazi bütövlüyünün, həm də müstəqilliyinin eyni zamanda NATO tərəfindən zəmanət altına alınması kimi, gələcəyə hesablanmış strategiya kimi, anti-Azərbaycan mövqeli məkrli qüvvələrə tutarlı cavab kimi və ən nəhayət Ankaranın möhtəşəm geosiyasi gedişi, fəndi kimi qiymətləndirənlər də var. Əslində bu fikirlərin hər biri real həqiqəti əks etdirir.

Lakin ekspertlər camiəsində sözügedən sənədi kimin hansı aspektdən və necə dəyərləndirməsindən asılı olmayaraq Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının siyasi təcəssümü və hüquqi təsbitləndirilməsi idi. Bununla da Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə siyasi leksikonumuza gətirdiyi “Bir millət, iki dövlət” ifadəsi və konsepsiyası hüquqi müstəviyə köçürülmüş oldu və iki ölkə münasibətləri daha üstün səviyyəyə yüksəldildi. Bu bəyannamədə revanşist Ermənistan siyasi dairələrinə ünvanlanmış mesajlar, regiondakı kommunikasiya xətlərinin açılması, dinc qonşuluq şəraitində yaşamağa və bölgədə sülhün qorunmasına çağırışı, Silahlı Qüvvələrimizin yeni çağırışlara uyğun olaraq yenidən formalaşdırılması , modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı əks etdirən bir sıra məqamlar var. Bütün bunlarla bərabər, Şuşa Bəyannaməsində həmçinin media, diaspora , xarici siyasətdə birgə hərəkətetmə, eləcə də təhsil, iqtisadiyyat, müasir texnologiyalar və birgə sərmayə yatırımları kimi sahələrdə də əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur. Yəni ki, bu sənəd hərtərəfli işbirliyi, çoxşaxəli əməkdaşlığı təmin edən, stimullaşdıran böyük hüquqi bazadır.

Şuşa Bəyannaməsinin imzalanması onu göstərir ki, Türkiyə-Azərbaycan qardaşlığı sadəcə sözdə qardaşlıq ifadələri ilə məhdudlaşmır. Bizim qardaşlığımız real, əməli qardaşlıqdır. İlham Əliyevin də Şuşadakı mətbuat konfransında çıxışı zamanı qeyd etdiyi kimi bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir. Biz nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi nümayiş etdiririk. Biz bundan sonra da hər zaman bir yerdə olacağıq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədidir. Şuşa Bəyannaməsi isə isə ölkələrimiz arasında qardaşlığı, əməkdaşlığı və inteqrasiyanı daha da dərinləşdirməyə xidmət edir. Bu mənada, Şuşa Bəyannaməsi birlik, həmrəylik bəyannaməsidir. 15 iyunda bizim Mədəniyyət paytaxtımızda, Azərbaycan üçün ən strateji nöqtələrdən birində imzalanan bu sənəd birliyimizi, qardaşlığımızı sarsılmaz edən bir sənəd kimi tarixə düşəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş