Newscenter.az.21.06.2021. Şərqşünas, jurnalist Həşim Məmmədovun “Azərbaycanın tarixi nailiyyəti olan Zəngəzur dəhlizi” sərlövhəli məqaləsi Misir, Livan, İordaniya, Suriya, Əlcəzair, Küveyt və İraqın 40-a yaxın KİV-lərində dərc olunub.
Newscenter.az-ın xəbərinı görə, Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edən məqalədə qeyd edilib ki, ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanat kommunikasiyaların açılması, regional əməkdaşlığın inkişafı baxımından geniş imkanlar yaradır.
Müəllif yazır: “Bu dəhlizin açılması regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaradacaq. Azərbaycan bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Ermənistan tərəfindən isə həmişə olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Belə ki, bu il yanvarın 11-də Moskvada keçirilən görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderləri üç ölkənin baş nazir müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyət göstərəcək işçi qrupunun yaradılması barədə razılığa gəlmişdi. Bunun ardından, iyunun 1-də Ermənistan tərəfi regional rabitənin blokdan çıxarılması üzrə üçtərəfli komissiyada fəaliyyətini dayandırdığını bəyan etdi”.
Yazıda Azərbaycanın hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olduğu vurğulanır: “Regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşacaq. Zəngəzur dəhlizi yeni regional iqtisadi inkişaf mərhələsinin vacib şərtidir. Lakin Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bəndlərini yerinə yetirməkdən boyun qaçırır, eyni zamanda, regionda iqtisadi maraqlar naminə görüləsi işləri siyasiləşdirir. Son vaxtlar bu ölkənin sərhəddə yaratdığı gərginlik də məhz buna hesablanıb. Əslində, bununla Ermənistan düşdüyü acınacaqlı durumu daha da ağırlaşdırır”.
Məqalədə diqqətə çatdırılır ki, Zəngəzur dəhlizinin açılması nəinki regionda, həm də İslam və türk dünyasında geosiyasi vəziyyəti dəyişəcək. Müəllif sonda yazır: “Bu, eyni zamanda, türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın, o cümlədən region ölkələrinin maraqlarına tam cavab verir. Ermənistan isə bu gerçəkliyi qəbul etmək istəmir. Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan regionda söz sahibi olduğunu bir daha təsdiq edəcək”.