Newscenter.az.21.06.2021. Ermənistanda növbədənkənar keçirilən parlament seçkilərinin nəticələri elan olundu. Ermənistan Mərkəzi Seçki Komissiyası bütün seçki bülletenlərini sayıb. Seçki nəticələrinə əsasən, Nikol Paşinyanın “Mülki Müqavilə Partiyası” səslərin 53,92%-ni, Robert Köçəryanın “Ermənistan Bloku” 21,04%-ni toplayıb. Serj Sərkisyanın “Şərəf Duyuram Bloku” 5,23%, “Çiçəklənən Ermənistan Partiyası “3,96%, “Respublika Partiyası” 3,04%, “Erməni Milli Konqresi” 1,54%, “İşıqlı Ermənistan Partiyası” 1,22% səs qazanıb. Beləliklə, Paşinyan gözlənildiyi kimi növbədənkənar keçirilən parlament seçkilərinin qalibi oldu. Paşinyanın “Mülki Müqavilə Partiyası” səslərin 53,92%-ni topladığı üçün parlamentdə səs çoxluğuna sahib olacaq. Bu həm də bir növ Paşinyanın təkpartiyalı hökumət qurması deməkdir. Beləliklə, Paşinyan nəinki parlament seçkilərində qalib gəldi, həmdə o təkbaşına hökumət qurmaq və parlamentdə qanunları heç bir kənar qüvvənin köməyi olmadan qəbul etmək imkanlarına sahib oldu.
“Qallap”ın (Gallup) sorğuları niyə özünü doğrultmadı?
“Qallap”ın (Gallup) iki gün öncə açıqladığı son sorğunun nəticələrinə görə, Köçəryan blokunu dəstəkləyənlər 28,7%-ə qalxmış, Paşinyanı dəstəkləyənlər isə 25,2%- olaraq müəyyənləşmişdi. Müharibədən bir ay sonra keçirilən sorğuda cəmi 2 faiz civarında səsi olan Köçəryanın qısa müddətdə bu qədər güclənməsi heç bir məntiqə sığmır Düşünürəm “Qallap”ın verdiyi bütün proqnozlar qeyri-real və qərəzli idi. Sorğuların nəticələrinin qısa müddətdə Köçəryanın lehinə dəyişməsi seçki öncəsi atılan bir addım idi.
Köçəryan “Qallap” kimi məşhur və dünyaca tanınan bir sorğu agentliyinin sorğuları ilə erməni cəmiyyətinin fikrini manipulyasiya etməyə çalışırdı. O, bu yolla özünü şanslarını daha çox olduğu eyforiyasını yaradaraq Paşinyanın dəstəkçiləri də qalibin özü olduğuna inandırmağa çalışırdı. Yəni Köçəryan illərcə aldatdığı erməni xalqını seçiilərdədə aldatmağa çalışırdı.Lakin göründüyü kimi seçkilərin nəticəsini “Qallap”ın sorğusu deyil, namizədlərin mitinqlərinə qatılan seçiciləri müəyyən etdi.
Paşinyan KTMT istiqamətində addımlayacaq ?
Paşinyan seçki nəticələrinin açıqlanmasından sonra Rusiya Prezidenti Vladimir Putinə, Rusiya Baş naziri Mixail Mişustinə, Fransa Prezidenti Emmanuel Makrona, ABŞ Prezidenti Cozef Baydenə, İran Prezidenti Həsən Ruhaniyə, Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə və Avropa Komissiyasının sədri Şarl Mişelə Ermənistana verdiyi dəstəyə görə təşəkkür edib. Maraqlı məqam isə Paşinyanın Ermənistanın bundan sonra da KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini bildirməsidir.
Paşinyanın qərb meylli olması heç kəsə sirr deyil. Yəni seçkilərdə onun qələbə qazanması faktiki olaraq Qərbin qələbə qazanması deməkdir. Bu, həm də Ermənistanın Qərbə inteqrasiya prosesinin sürətlənməsi mənasına gəlir. Bu zaman bir sual yaranır. Nə üçün Paşinyan Ermənistanın bundan sonra da KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini qeyd etdi?
Seçkilərin nəticəsi elan olunmadan Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan bloku” bəyanat yayaraq növbədənkənar parlament seçkilərinin nəticəsini “hələ ki” qəbul etməyə hazırlaşmadıqlarını bildirib. Köçəryanın bloku “hələ ki” desə də, güman ki, seçkilərin nəticələrini qəbul etməyəcək. Paşinyan bütün bunları hesablayıb indidən nəticələrini pərçimləmək üçün KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini bildirib. Yəni postseçki dövrü bitənədək Kremlin Köçəryanı hakimiyyətə qarşı ixtisaslara sövq etməsin qarışısnı almaq üçün belə bir addım atıb. Düşünürəm, Paşinyan bu yolla bir müddət Kremlin gözündən pərdə asıb, fürsətini tapan kimi üzünü yenidən Qərbə döndərəcək. Bu vaxta qədər isə Köçəryanın dəstəkçilərinə maksimum dərəcədə azaltmağa çalışacaq.
Turan Rzayev-"Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti