Newscenter.az.23.06.2021. “Son aylar ərzində Azərbaycanda COVİD-19 infeksiyasına yoluxma sayında ciddi azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən effektiv tədbirlərin nəticəsidir. Xüsusilə də, bu ilin əvvəlindən davam edən vaksinasiya xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına imkanlar yaradıb. Artıq bir çox məhdudiyyətlər də aradan qaldırılıb, açıq havada maska, toy, nişan, ad günlərinin keçirilməsi, idman zallarının açılması, epidemioloji vəziyyəti yaxşı olan ölkələrlə hava əlaqəsinin bərpası təmin olunub. Bütövlükdə, məhdudiyyətlər aradan qaldırılır, ölkə əvvəlki həyatına qayıdır. Amma təhlükə hələ də qalmaqdadır, vaksinasiya və Operativ Qərargahın qaydalarına əməl etmək vacibdir, mütləqdir”.
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, vaksinasiya pandemiyadan xilas olmağın yeganə yoldur:
“Çünki vaksinasiya ilə həyat canlanacaq, insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Xüsusilə də, vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır”.
“Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib: “Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu - bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub. Bu mənada peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir”.
Sədaqət Vəliyeva vurğulayıb ki, son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub:
“1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Eyni zamanda, bir neçə əsr öncə 20 milyon olan Meksikadakı İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb. Havay adalarında tifo xəstəliyi səbəbindən 1779-cu ildə əhali sayı 500 mindən 84 minə düşüb. Vaksinin olmaması səbəbindən Avropa əhalisinin 25-30 faizi vəba xəstəliyindən ölüb. İspaniya qripi isə 2 milyard dünya əhalisinin 30 faizinə yoluxub və 20 ilə 50 milyon insanın ölümünə səbəb olub. BHu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. Hətta, 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirib. Bu mənada, COVİD-19 pandemiyası da dünya əhalisi üçün təhlükəli xarakterlidir. Yaxşı haldır ki, hazırda bu virusun peyvəndi var. Ona görə də, hər kəs vaksinasiya prosesində iştirak etməlidir ki, haqqında danışdığımız xəstəliklər kimi böyük fəlakətlər yaşanılmasın”.
Ruhiyyə