Newscenter.az.25.06.2021. Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev BMT-nin İnsan Hüquqları Şurasının 47-ci sessiyasında iştirak etmişdir.
Bu il pandemiya ilə əlaqədar onlayn formatda keçirilən sessiyada ARGTMŞ sədri pandemiya dövründə ölkədəki təhsil sistemi barədə xüsusi hesabat təqdim etmişdir.
Newscenter.az xəbər verir ki, Azər Əliyev çıxışında COVID-19 pandemiyasının və onun səbəb olduğu məhdudlaşdırıcı tədbirlərin təhsilə təsirini minimuma endirmək üçün Azərbaycan hökuməti tərəfindən atılan addımlardan, müvafiq təhsil strategiyasından və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif proqramlardan söz açmışdır.
O, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təhsil müəssisləri və infrastrukturunun dağıdılması, Ermənistanın 30 il davam edən hərbi təcavüzü nəticəsində yüzlərlə uşaq və gəncin həyatını itirməsi, eləcə də Vətən müharibəsi dövründə münaqişə zonasından uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 10 şagirdin həlak olması, 16 şagirdin yaralanması, 54 təhsil müəssisəsinin müxtəlif dərəcəli dağıntılara məruz qalması, minlərlə şagirdin tədris prosesindən kənarda qalması barədə danışmışdır.
Təşkilat sədri ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən intensiv bərpa quruculuq işlərindən bəhs edərək, tezliklə həmin ərazilərdə də tədris prosesinin bərpa olunacağını sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.
Sevinc