Newscenter.az.25.06.2021. Azərbaycan bu il 26 İyun – Milli Ordu Gününü tam fərqli şəkildə qeyd edir. Silahlı Qüvvələrimizin həm Ordu, həm də Zəfər bayramıdır.
Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələri öz bayramını ərazi bütövlüyü təmin edilmiş, erməni işağlından azad olunmuş Qarabağımızda təntənə ilə qeyd edir. Bu, bizim 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra ilk Ordu bayramıdır.
İlk olaraq, Vətən savaşında canını fəda etmiş əziz Şəhidlərimizə Allahdan rəhmət diləyir, Onların Anaları, valideynləri, yaxınları qarşısında baş əyirəm.
Cəsur Qazilərimizə uca Tanrıdan şəfa diləyirəm. Bu əlamətdar gün münasibətlə sıravi əsgərimizdən tutmuş zabitlərimizi, Azərbaycan Silahlı Qüvvələrinin bütün heyətini və Müzəffər Ali Baş Komandan İlham Əliyevi ürəkdən təbrik edirəm.
103 il əvvəl yaradılan Azərbaycan Milli Ordusunun əsas vəzifəsi müstəqil respublikamızın ərazi bütövlüyünü təmin etmək idi. Çünki həmin dövrdə də Azərbaycan torpaqları, Qarabağ terrorçu erməni daşnakları tərəfindən işğal olunmuşdu. Cümhuriyyətimizin fədailəri Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov qəhrəman Ordumuzu yaradaraq Qarabağda düşməni ağır məğlubiyyətə uğradaraq ölkənin ərazi bütövlüyünün müdafiəsini təmin etdilər. Canımız-qanımız bir olan Türkiyənin Müzəffər sərkərdəsi Nuru Paşa və cəsur ordusu Bakının, Azərbaycanın tamamilə düşməndən azad edilməsində əsil fədakarlıq göstərdi.
Sovet Rusiyasının Azərbaycanı işğal etdikdən sonra Milli Ordumuzu ləğv etməsinə baxmayaraq, xalqımız hərbi ənənələri qoruyub saxladı. Böyük Sərkərdə, Ümummilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərdinə müstəqil Azərbaycanın Milli Ordusunun yaranması üçün dərin təməllər qoyub. Onun yadigarı oaln Cəmşid Naxçıvanski adına hərbi məktəb və digər ixtisaslaşmış hərbi strukturlar bugünkü Silahlı Qüvvələrimizin formalaşmasında mayak rolunu oynayıb.
Milli Ordu quruculuğu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə daha da güclənmiş, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir.
Milli Ordumuz əsas məqsədi və qayəsi olan ümummilli problemimizi – Ermənistanın işğalında olan torpaqlarımızı azad etməklə tarixi missiyasını şərəfə və ləyaqətlə yerinə yetirdi.
2020-ci ilin sentyabrın 28-dan başlayan və noyabrın 10-da Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq və şərəfli səhifəsinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində üzərimə düşən vəzifələri layiqincə yerinə yetirdi və dünyaya əsil Hərb qüdrətini nümayiş etdirdi.
Məğlubedilməz Sərkərdə, Cənab İlham Əliyev 200 il əvvəlki tarixi torpaqlarımızın hüdudlarını bərpa etdi.
26 iyun Ordumuzun Şərəf və Qürur Günüdür.
Qalib Ordumuz Qarabağdadır!
Ordumuzun Zəfər Bayrağı Şuşada, Laçında, Kəlbəcərdə yüksəlir!
Qarabağın hər guşəsində Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Bu gün Azərbaycan Ordusu Şuşada hərbi parad keçirir.
Bu gün Silahlı Qüvvələrimiz ərazi bütövlüyü tam təmin edilmiş müstəqil Azərbaycanın dövlət sərhədlərində öz bayramını qeyd edir.
Bu gün Azərbaycan Ordusunun əsgər və zabitləri Qarabağda vüqarla addımlayır.
Bu bayram günündə Vətən Müharibəsində ilk gündən sona qədər Azərbaycanın yanında olan, dəstək verən qardaş Türkiyə hökumətini və Ordumuzun ən müasir hərbi-texniki təchizatında xüsusi əməyi olan hərbi sənaye komandasına dərin minnətdarlığımızı ifadə edirik. Vətən savaşında Azərbaycanın haqq səsinə səs verən dost Pakistan, İsrail, Gürcüstan, Ukrayna və digər ölkələrə də ehtiramımızı bildiririk.
Bir daha Müzəffər Ordumuzun hər bir üzvünü səmimi qəlbdən təbrik edir, onların hər birinə möhkəm can sağlığı və Vətənimiz Azərbaycanın etibarlı müdafiəsi və Ordumuzun daha da qüdrətlənməsi üçün yeni-yeni uğurlar arzulayıram.
Eşq olsun əsgər və zabitlərimizə!
Eşq olsun Müzəffər Ordumuza!
Eşq olsun Ali Baş Komandana!
QARABAĞ AZƏRBAYCANDIR!
Tanrı Azərbaycanımızı, Silahlı Qüvvələrimizi qorusun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru. professor