Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gömrük xidmətinin Siyasi Komissiyaya üzvülüyü yekdilliklə təsdiqlənib



Newscenter.az.26.06.2021. Xəbər verdiyimiz kimi, iyunun 24-dən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyası keçirilir. Bu gün sessiya öz işini yekunlaşdırıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, onlayn formatda keçirilən sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.

Qeyd edək ki,sessiyanın açılış mərasimində ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə iclasda müzakirə olunan məsələlər barədə məlumat verib, daha sonra isə ÜGT Baş katibi Kunio Mikuriyanın 2020/2021-ci illərin Strateji Planının icrası istiqamətində həyata keçirilən fəaliyyətlərə dair ən son yeniliklərlə bağlı hesabatı dinlənilib.

Üç gün davam edən sessiya çərçivəsində Potensialın gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər, Tarif və ticarət əlaqələri, Siyasət və idarəçilik, Büdcə və maliyyə və digər məsələlərlə bağlı müzakirələr aparılıb, eləcə də Gömrük Əməkdaşlıq Şurasının rəhbərliyinə seçkilər keçirilib. Əhməd Əl Xəlifə növbəti dəfə ÜGT Şurasına sədr seçilib.

Sessiyanın bağlanış mərasimində çıxış edən ÜGT Baş katibi Kunio Mikuriya COVİD-19 pandemiyası dövründə gömrük orqanlarının səmərəli fəaliyyətinə, faydalı müzakirələrə və irəli sürülən konstruktiv təkliflərə görə təşəkkürünü bildirib. Kunio Mikuriya, eyni zamanda Azərbaycan gömrüyünün ÜGT-nin Avropa Regionuna rəhbərliyi dövründəki fəaliyyətini, xüsusilə yüksək qiymətləndirib. Baş katib bildirib ki, pandemiya dövrünün çətinliklərinə rəğmən əməkdaşlığın gücləndirilməsi, gömrüyün gələcək inkişafı üçün faydalı qərarların qəbul olunması istiqamətində mühüm addımlar atılıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov da sessiyada çıxış edərək müzakirə olunan məsələlərin gömrük işinin səmərəliliyinin artırılmasına, əməkdaşlığın gücləndirilməsinə, əldə olunan qabaqcıl təcrübələrin öyrənilməsinə və tətbiqinə fayda verəcəyinə əminliyini ifadə edib. İsmayıl Hüseynov Əhməd Əl Xəlifəni növbəti dəfə Gömrük Əməkdaşlıq Şurasına sədr seçilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Xatırladaq ki, ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionunun Şərq qrupu tərəfindən ÜGT-nin Siyasi Komissiyasına namizədliyi irəli sürülmüşdü. Gömrük Əməkdaşlıq Şurasının 138-ci sessiyasında keçirilən seçkilər zamanı ÜGT-nin Avropa Regionuna sədrlik etdiyi dövrdə səmərəli fəaliyyətinə görə Azərbaycan gömrük xidmətinin 2021-2023-cü illər üzrə Siyasi Komissiyaya üzvülüyü yekdilliklə təsdiqlənib.

Sevinc
Xəbəri paylaş