Newscenter.az.26.06.2021. Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları mütəmadi olaraq şəhər ərazisində yerləşən təhsil müəssisələrində şagirdlərlə yol hərəkəti qaydaları mövzularında maarifləndirici görüşlər keçirir, gələcəyimiz olan uşaqlara yol hərəkəti təhlükəsizliyinə dair biliklərinin artırılması istiqamətində məlumat verirlər. Bunun nəticəsidir ki, yeniyetmələr artıq məktəbdə yollarda və səkilərdə necə hərəkət etməli olduqlarını bilir, yol nişanlarını tanıyır və piyada keçidlərindən düzgün istifadə edirlər. Şagirdlər bu biliklərini həm də yol hərəkəti təhlükəsizliyi mövzularında keçirilən yarışlarda göstərir, yüksək nəticələr əldə edirlər.
Newscenter.az xəbər verir ki, bugünlərdə Şirvan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası “Yolunuzu bizdən salın!” devizi altında Respublika üzrə keçirilən onlayn yarışlarda iştirak ediblər. Tədris müddətində yol hərəkəti qaydaları və təhlükəsizliyi barədə qazandıqları bilik və bacarıqları yüksək aktivliklə nümayiş etdirən şagirdlər, yarışlarda göstərdikləri fəal iştiraka görə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Şirvan ŞPŞ-nin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Sadiq Əliyev şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası və kollektivi ilə görüşərək, mərkəzin nümayəndələrinə və şagirdlərə mükafatlarını təqdim edib. Şagirdlərə bir daha təbrik edən polis kapitanı, onlara təhsillərində uğurlar arzulayıb.
Mehman