Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlin hər günü ordumuzun günüdür



Newscenter.az.26.06.2021. Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. İmperiyanın ilhaq siyasəti bitdi. Min illik dövlətçilik tarixi olan Azərbaycan yeni, milli-xəlqi inkişaf mərhələsinə başladı.

Azərbaycanda siyasi vəziyyət son dərəcə kəskinləşmişdi. Ölkədə vətəndaş qarşıdurması yaranmışdı, dövlət labüd süqut ərəfəsində idi. Belə bir vaxtda xalq kəskin siyasi iradə ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Həmişə xalqa arxalanan, xalqı dövlətçiliyin ən etibarlı müdafiəçisi bilən Ulu Öndər hakimiyyətə qayıtdı. Bununla da Azərbaycanın dövlətçiliyi xilas edildi. Böyük tarixi şəxsiyyət noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, bu çağırış dövlətçiliyin qorunmasına yönəldilən çağırış idi və xalq bu çağırışı müqəddəsliyin müdafiəsi çağırışı bildi. Minlərlə könüllü torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılmaq ümün ordu sıralarına gəldi.

1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Ölkə müharibə şəraitində olduğu üçün səfərbərliyin təşkili, ölkənin suverenliyini qorumağa qadir olan ordunun döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsini, sosial şəraitin yaxşılaşdırılmasını əhatələyən tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Azərbaycan dövləytçiliyinə sonsuz sədaqətlə xidmət edən bu tədbirlər Azərbaycanın suverenliyinin, müstəqilliyinin qarantı olan ordunun nizami ordu kimi formalaşmasında olduqca gərəkli oldu. Nizami ordu qısa müddətdə formalaşdı.

Hələ Azərbaycanda birinci hakimiyyəti dövründə Heydər Əliyev dahiyanə uzaqgörənliklə 70-ci illərin əvvəllərində sonralar Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılacaq ibtidai hərbi məktəb yaradılmasına nail olmuşdu. O zaman belə bir məktəbin yaradılmasına Mərkəz icazə verməzdi, Mərkəzin qanunlar sistemi, siyasi təsir vasitələri müxtəlif bəhanələrlə bu qərarın ləğvinə yönəldilsə də Heydər Əliyev dühasından güclü ola bilmədi.

C.Naxçıvanski adına Hərbi lisey müstəqillik illərində də Azərbaycanda hərbçi kadrların hazırlığında böyük baza oldu, bu məktəbin məzunları ali hərbi təhsil alaraq ordumuzda xidmət etdilər. Yəni Azərbaycan ordusunun formalaşmasında bu məktənin rolu böyükdür. İstər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində bu məktəbin onlarla məzunu yüksək dövlət təltiflərinə layiq görüldü.
1993-cü il noyabrın 23-də Milli Şurada “Müdafiə haqqında” Qanun qəbul edilməsi ordu quruculuğu istiqamətində görüləcək bütün tədbirlərin mahiyyəti üçün hüquqi əsas yaratdı.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev yerli müdafiə batalyonlarının buraxılması haqqında sərəncam imzaladı. Bununla da orduda vahid komandanlıq yaradıldı. Yəni nizami ordunun əsası qoyuldu. Məhz buna görə də hərbi ekspertlər Heydər Əliyevi müasir Azərbaycan dövlətçiliyini, həm də müasir Azərbaycanın ordusunun qurucusu bilir.

Ölkə başçısının 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu, tarixə sədaqətin təzahürü idi. Belə ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə əlahiddə Azərbaycan korpusunun yaradılmışdı, 26 iyun tarixi bu səbəbdən tarixə yenidən və həmişəlik yazıldı. Ulu Öndər müasir Azərbaycan Respublikasını Azərbaycan Demokratik Cümhuriyyətinin varisi bilirdi, bu baxımdan müasir Azərbaycan ordusu da Azərbaycan Demokratik Cümhuriyyəti ordusunun varisi idi.

Ulu Öndər istər ordunun şəxsi heyətinin, istərsə də ictimaiyyətin qələbə inamını erməni silahlı birləşmələrinin hücum əməliyyatlarını dayandırmaqla, onun irəliləməsinin qarşısını almaqla kükrətdi. 1994-cü ilin yanvarın 5-də Horadiz əməliyyatı kimi tarixləşən əməliyyat başladı. Horadiz əməliyyatında Azərbaycan Ordusu Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi. Bu məğlubiyyət düşmənə bir həqiqəti də yaşatdı: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdir! Azərbaycan Ordusu güclü ordudur!

Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Bu kəlamlar bəşəri niyyətli, dünyəvi məramlı dövlətin ordusuna, ordunun hər əsgərinə ehtiramın ifadəsidir.

1994-cü il mayın 12-də imzalanan atəşkəs ordu quruculuğunu dinamik əsaslarla aparmağa şərait yaratdı. Ulu Öndərin rəhbərliyi ilə ordunun mərkəzləşdirilimiş maddi-texniki bazası genişləndi və yaxşılaşdırıldı, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, ordu quruculuğunda geniş miqyaslı islahatlara başlanıldı. Ulu Öndər deyirdi: "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”

1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələrində də gərəkli islahatlar aparıldı. Belə ki, bu müəssisələrdə tədris NATO standartlarına uyğun aparılmağa başladı. Bu, kursantların hərbi biliklərə daha əhatəli yiyələnməsini təmin etdi.

Azərbaycanın müdafiə sənayesi Ulu Öndərin rəhbərliyi ilə elmi əsaslarla inkişaf etdirilirdi. Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgilərində çoxtərəfli əlaqələr yaranır, formalaşırdı. Bu sərgilərdə Azərbaycanın müdafiə sənayesinin istehsal etdiyi məhsullarla bir sırada ordu quruculuğunda əldə edilən üstün nailiyyətlər də nümayiş etdirilirdi. Bu isə özlüyündə dünya dövlətlərində Azərbaycanın iqtisadi qüdrəti, ordusunun gücü haqqında gərəkli təəssüratlar yaradırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən böyük azərbaycanlı olan böyük tarixi şəxsiyyətin siyasi kursunu ordu quruculuğu istiqamətində də dövlətə, dövlətçiliyə böyük sədaqətlə inkişaf etdirdi. Münaqişənin sülh yolu ilə həlli istiqamətində təşəbbüsləri Ermənistanın danışıqlardan yayınması ilə nəticələnirdi. Azərbaycanda münaqişənin sülh yolu ilə həllinə cəhdlərlə bir sırada ordu quruculuğunda da böyük işlər görülür, geniş miqyaslı islahatlar həyata keçirilirdi. İstər Azərbaycanda, istərsə də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən ordumuz gərəkli nüfuz qazanırdı. Bunların nəticəsiydi ki, Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasına çıxdı.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlar ordunun nizami ordu kimi formalaşması prosesini hərbi-elmi baxımdan yüksək səviyyədə tamamladı. Bu prosesdə ictimiyyətin də iştirakı təmin edildi. Ordu sıralarına minlərlə gənc gəldi ki, bu da həm ordunun gücünün artırılması kimi, həm də ordu – ictimaiyyət münasibətlərinin daha da möhkəmləndirilməsi kimi gərəkli oldu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi, hərbi texnikalarla, atıcı silahlarla, uçuş aparatları ilə və s. təchiz edilməsi, müasir standartlara uyğun, bütün infrastrukturlara malik yeni hərbi şəhərcikləin inşa edilməsi, hərbi tələblərə cavab verən təlim poliqonlarının yaradılması, müxtəlif təyinatlı və müxtəlif miqyaslı təlimlərdə uğurla iştirakı ordunun döyüş hazırlığını arzulanan səviyyədə yüksəltdi.

Türkiyə ilə Azərbaycanın aviasiya sahəsində birgə təlimləri “TurAz Qartalı” adlanır və hər il böyük coşqu ilə keçirilir. Azərbaycanlı pilotların peşə hazırlığı, yüksək pilotaja malik olması türkiyəli həmkarlarını qane etməsəydi, belə birgə təlimlər keçirilməzdi. Pilotlarımız Vətən müharibəsində də böyük şücaətlə vuruşdular. Düşmənin neçə-neçə komanda məntəqəsi, mövqesi, qruplaşması pilotlarımız tərəfindən darmadağın edildi.

2016-cı ilin Aprel döyüşləri, döyüşlərdə əldə edilən qələbələr, Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji yüksəkliklər də daxil olmaqla 2000 hektardan çox ərazi işğaldan azad edildi. Bu qələbələr düşmənin əsgər və zabitlərinə müəyyən vahimə də yaşatdı, ordumuzun şəxsi heyətinin döyüş əzmimi də yüksəltdi, qələbə ruhunu da.

2020-ci ilin iyun döyüşlərində də əks-hücum əməliyyatı ilə yeni ərarzilər işğal etmək niyyəti ilə bütün vasitələrdən istifadə etməklə müxtəlif istiqamətlərdən torpalarımıza hücum edən düşmənin silahlı birləşmələri ağır məğlubiyyətə uğradıldı. Azərbaycan Ordusnunu hissələri bu hücumun qarşısını aldı. Cənab Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsinin başlanğıcı oldu.
Ordu hissələrimiz qısa müddətdə düşmənin illərlə yaratdığı, müxtəlif vasitələrlə möhkəmləndirdiyi müdafiə sistemini darmadağın etdi, ilk qələbələr qazanıldı.

Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası müharibəsi idi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Azərbaycan Ordusu ölkə başçısının bu kəlamlarını döyüşlərdə qələbələrlə təsdiqləyirdi. Gücü ilə, qüdrəti ilə, mənəvi-psixoloji hazırlığı ilə.
Azərbaycan Ordusu Zəfər qazandı.

Azərbaycan Ordusu günü təkcə iyun ayının 26-sı deyil, ilin hər günü hər bir Azərbaycan vətəndaşı üçün ordu günüdür. Biz ordumuzla qürur duyuruq. Bu qürur bəşəri qürurdur.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş