Newscenter.az.26.06.2021. "Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur”, - deyən Müzəffər Ali Baş Komandanımızın Ordumuz haqqında söylədiyi bu ifadənin nə qədər doğru olduğuna 44 gün sürən Vətən müharibəsində bütün dünya şahid oldu. Məhz dövlətimizin başçısının vaxtında qəbul etdiyi qətiyyətli qərarlar, müdrik və düzgün siyasəti nəticəsində rəşadətli Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuraraq dünya tarixində özünün qalibiyyət salnaməsini yazdı. Şanlı Azərbaycan Ordusunun 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd və çoxsaylı strateji yüksəklikləri cəmi 44 gün ərzində azad etməsi, Ordumuzun yenilməzliyini, gücünü, döyüş qabiliyyətini və şöhrətini bütün dünyaya nümayiş etdirdi.
30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızı addım-addım, qarış-qarış azad edən əsgər və zabitlərimiz öz qəhrəmanlıqları, qorxmazlığı və yüksək peşəkarlıqları ilə düşmən üzərində zəfər çaldılar. Hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, ermənilərin əminliklə alınmaz qala hesab etdikləri Şuşa şəhərini, Zəngilan rayonunun Ağbənd, Bartaz, Mincivan qəsəbələrini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Laçın və Xocalı rayonlarının neçə-neçə kəndlərini, Zəngilan, Ağdərə, Murovdağ istiqamətində mühüm əhəmiyyət daşıyan strateji yüksəklikləri erməni işğalından azad etdilər.
İgid hərbçilərimizin və şəhidlərimizin qəhrəmanlığı sayəsində düşmən döyüş meydanında məhv edildi, məğlubiyyətə uğradı. Əsgər və zabitlərimizin qanı və canı bahasına qazanılmış bu qələbə Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi milli yaddaşımızda əbədi olaraq qalacaq. Vətənpərvərliyin, milli birliyin təntənəsi olan bu qələbə Azərbaycanımızı bütün dünyaya qalib ölkə olaraq tanıtdı və bütün dünyaya sübut etdi ki, Azərbaycanın güclü Ordusu, yenilməz siyasi iradəyə və qətiyyətə sahib olan Ali Baş Komandanı var.
Ordu quruculuğu sahəsində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixində imzaladığı Fərmana görə 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü elan edilib.
Bu gün Silahlı Qüvvələr Günüdür!
Bu gün Poladımızın, Raqufumuzun, İlqarımızın, Mübarizimizin, Cəbrayılımızın, dillərdə dastana dönən Xudayarımızın bayramıdır. Bu gün, torpaqlarımızın bütövlüyü uğrunda Şəhid olan bütün əsgər və zabitlərimizin, sağlamlığını itirmiş qazilərimizin günüdür.
Xalqının kimliyini, mənliyini qoruyaraq ən yüksək zirvəyə ucalmış bu cəngavərləri Vətənə bəxş edən analarımızın qarşısında, Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan bütün Şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfalar diləyirəm.
Bu əlamətdar gün münasibəti ilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini təbrik edirəm. Azərbaycanımız naminə müqəddəs və şərəfli xidmətlərində onlara müvəffəqiyyətlər arzulayıram.
Eşq olsun Azərbaycan hərbiçilərinə!
Jalə Əhmədova
Milli Məclisin deputatı