Newscenter.az.26.06.2021. "26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixində imzaladığı sərəncama uyğun olaraq, Silahlı Qüvvələr Günü ümumxalq bayramı kimi qeyd olunur. Başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, Silahlı Qüvvələrin şəxsi heyətini, bütövlükdə Azərbaycan xalqını bu gözəl bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, vətəni qorumaq kimi müqəddəs, şərəfli vəzifələrində ancaq və ancaq uğurlar arzulayıram".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, Azərbaycan xalqı hər zaman öz Ordusu ilə fəxr edib, ona arxalanıb:
"Vətən müharibəsindən sonra isə, Silahlı Qüvvələrə cəmiyyətin inamı, məhəbbəti yüz qat artıb. Bu təbiidir. Silahlı Qüvvələrimiz real döyüş meydanlarında 30 ildə möhkəmlənmiş düşmənin ordusunu cəmi 44 gün ərzində darmadağın etməklə, dünya hərb tarixinə yeni səhifələr yazdı. Ordumuzun keçirdiyi döyüş əməliyyatları, bir çox ölkələrin hərbi profilli mərkəzləri tərəfindən öyrənilir".
Deputat qeyd edib ki, tarixi Şuşa bəyannaməsinin müddəaları arasında Silahlı Qüvvələrin və təhlükəsizlik sisteminin yenidən formalaşdırılması, modernləşdirilməsi nəzərdə tutulur:
"Dövlətin bu istiqamətdə apardığı siyasət, milli təhlükəsizliyin uzunmüddətli, dayanıqlı olmasına təminat verir. “Sülh istəyirsənsə, müharibəyə hazır ol”, prinsipi üzrə.
Əziz hərbçilər! Bir daha Sizləri bu gözəl bayram münasibətilə təbrik edirəm. BAYRAMINIZ MÜBARƏK!!!".
NEWSCENTER.AZ