Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova: "Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi"



Newscenter.az.28.06.2021. "Xoşbəxt xalqıq ki, 26 iyun - Silahlı Qüvvələr Gününü bu il müzəffər xalq kimi qeyd etdik. Bu Qələbəni, bu qüruru isə bizə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi şanlı Ordumuz, qəhrəman övladlarımız yaşatdı. Hər birimiz canını Vətən yolunda qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyir, bu qəhrəmanları bizə bəxş etmiş analara dərin minnətdarlığımızı bildiririk. Vətən uğrunda sağlamlıqlarını qurban vermiş qazilərimizə isə Allahdan tezliklə şəfa diləyirik və həmişə onların yanındayıq. Bu gün qürurla deyə bilərik ki, İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir və Azərbaycan xalqının qan yaddaşında əbədi qalacaq. Bu, Azərbaycan xalqının əyilməz ruhunun, Vətəninə olan sevgisinin təntənəsi idi və tariximizə qızıl hərflərlə həkk olundu".

Newscenter.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat deyib: “Lakin bu Qələbəyə gedən yola nəzər salsaq deyə bilərik ki, Zəfər asan başa gəlmədi. Biz bu Qələbəni qazanmaq üçün illərlə hazırlaşdıq. Ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri gördük. Ordu quruculuğu sahəsində böyük islahatlar apardıq. Beynəlxalq müstəvidə haqlı tərəf olduğumuzu sübut etdik. Ölkənin iqtisadi potensialı Qələbəni təmin etməkdə əsas amillərdən biri oldu. Çünki hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynadı. Beynəlxalq müstəvidə görülən nəhəng işlərin nəticəsidir ki, son illərdə aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etdilər”.

J.Əhmədova qeyd edib ki, bu gün müharibə keçmişdə qalıb. İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Reallıq sübut edir ki, Ermənistanın düşdüyü vəziyyətdən yeganə çıxış yolu öz qonşuları ilə normal münasibətlər qurmaq və onlara qarşı ərazi iddialarından əl çəkməkdir. Çünki yüz illərlə yürütdüyü düşmənçilik və terror siyasəti Ermənistana çox baha başa gəldi. İndi isə onun acısını çəkməyə məhkumdurlar. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı, haqq nazikləşdi, amma üzülmədi və ədalət zəfər çaldı.

Müharibədən sonra aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası həqiqəti etiraf etməyə məcbur olub Azərbaycanın maraqlarına cavab verən qərar və qətnamələr qəbul etdilər.

“Bu gün Azərbaycanla daha yaxın münasibətlər qurmaq istəyən ölkələrin sayı durmadan artır. Çünki bu gün Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərə görə dünyada aparıcı yerlərdədir. Hazırda bir sıra inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ÜDM-in heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız da xarici borcumuzu 6 dəfə üstələyir. Artıq Azərbaycan özü başqalarına kömək edir. Ölkəmiz pandemiya dövründə 30-dan çox dost ölkəyə kömək göstərib”, - deyə deputat vurğulayıb.

Bu gün qürurla deyə bilərik ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və ölkəmiz çoxəsrlik tarixi boyunca heç vaxt indiki qədər güclü olmayıb. Bu uğurun əsas təkanverici qüvvəsi isə xalq-iqtidar birliyidir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam bəslənir. Müharibə və onun uğurlu nəticələri də xalq-iqtidar birliyini bir daha nümayış etdirdi.

“Bu gün Ordumuza yeni silahların, müasir texnologiyaları özündə ehtiva edən texnikanın alınması prosesi davam edir. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqlənib və Ordumuzun say tərkibinin artırılması qərara alınıb. İnanırıq ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dünyanın ən güclü orduları sırasındakı mövqeyini qoruyub saxlayacaq və daha da gücləndirəcəkdir, - deyə J.Əhmədova bildirib.

Ruhiyyə
Xəbəri paylaş