Newscenter.az.1.07.2021. Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (Global Cybersecurity Index, GCI) hesabatı dərc edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan reytinqdə mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb.
Ölkəmiz ümumilikdə 89,31 xal toplayıb.
Ölkələrin “GCI” indeksinin müəyyən edilməsi məqsədilə müvafiq məlumatların toplanması 2014-cü ildən həyata keçirilir. “GCI” indeksi dövlətlərin kibertəhlükəsizlik səviyyəsini beş əsas sahə üzrə qiymətləndirməklə ranqlaşdırma məqsədi daşıyır:
1 Hüquqi tədbirlər (qanunvericilik, tənzimləmə və nəzarət);
2 Texniki tədbirlər (CERT, standartlar, sertifikatlaşdırma);
3 Təşkilati tədbirlər (siyasət, strategiya, cavabdeh təşkilat, milli qiymətləndirmə);
4 Kadr potensialının gücləndirilməsi tədbirləri (standartların işlənməsi, insan resurslarının inkişafı, peşəkarların və təşkilatların sertifikatlaşdırılması);
5 Əməkdaşlıq (idarələrarası, idarədaxili, dövlət-özəl sektor, beynəlxalq).
“GCI” indeksi qeyd olunan beş istiqaməti xarakterizə edən 20 indikatoru bir indeksdə birləşdirir.
"Qlobal kibertəhlükəsizlik indeksi 2020" hesabatında Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdədir.
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqına üzv olan 194 ölkə arasında İsveçrə (42), Tunis (45), İrlandiya (46), İran (54), Gürcüstan (55), İslandiya (58), Rumıniya (62), Sloveniya (67), Çexiya (68), Ukrayna (78) kimi ölkələri qabaqlayıb.
Reytinqdə ilk yerləri isə müvafiq olaraq, ABŞ, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, Estoniya, Cənubi Koreya, Sinqapur, İspaniya bölüşür.
Sevinc