Newscenter.az.1.07.2021. YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyi, Gənclərin inkişafı və karyera mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt Gənclər evinin birgə təşkilatçılığı ilə "Uğurunu paylaş" layihəsi çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Milli Məclisin deputatı Emin Hacıyevlə gənclərin görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, tədbirin əvvəlində Vətənin bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayan deputat Emin Hacıyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə qazi və gənclərimizi təbrik edərək, hər bir vətəndaşımızın Cənab Prezidentin siyasi gücünə arxalanaraq "Dəmir yumruq" kimi birləşdiyini bir daha vurğulayıb.
İstər Vətən müharibəsi, istərsə də postmüharibə dövründə düşmən yalnız hərbi müstəvidə deyil, informasiya cəbhəsində də böyük təxribatlara əl atdığını və məhz Cənab Prezident İlham Əliyevin xarici mətbuata müsahibələrindən və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışlarından sonra yarılan informasiya blokadasından söz açan Emin Hacıyev Azərbaycan gənclərinin Cənab Prezidentin müsahibələrindəki mesajları yol xəritəsi kimi qəbul edərək ön cəbhədə əsgər kimi, arxa cəbhədə informasiya müharibəsinin döyüşçüsü kimi Ermənistanın təxribatlarının, yalan kampaniyalarının qarşısının alınmasında fəal iştirak etmələrindən danışıb.
Deputat Azərbaycan gənclərinin müharibə ilə bağlı gerçəkləri, Azərbaycanın haqq səsini həm sosial şəbəkələr, həm də xarici media vasitəsilə dünyaya çatdırmağa nail olduqlarını bildirib.
Emin Hacıyev ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Cənab Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından danışıb. Emin Hacıyev qeyd edib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini qeyd edən Emin Hacıyev yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin İdarə heyətinin üzvü, gənc şair Elvin Əlizadə, Vətən müharibəsi qazisi, baş leytenant Pərvin Abdullayev, Sumqayıt Gənclər evinin direktoru Nərgiz Nağıyeva, GİKM Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova və YAP Sumqayıt şəhər təşkilatı Gənclər birliyinin sədri Fəridə Qafarova müxtəlif mövzularda çıxışlar edərək gənclərə öz töhfələrini veriblər. Sonda gənclərlə fikir mübadiləsi aparılmış, gənclərin sualları deputat Emin Hacıyev tərəfindən cavablandırılıb.
Sevinc