Newscenter.az.1.07.2021. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
Newscenter.az xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, həmin ərazilərdə mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.
İclasda hazırda icra edilən strateji əhəmiyyətli infrastruktur layihələrinin keçdiyi ərazilərin minalardan təmizlənməsi məsələləri xüsusi olaraq müzakirə edilib, bu istiqamətdə görülən işlər barədə məlumatlar dinlənilib, qarşıya çıxan problemlər və onlardan çıxış yolları barədə təkliflər səsləndirilib.
Bununla yanaşı, icrasına başlanan və planlaşdırılan layihələr üzrə layihə-smeta sənədlərinin hazırlanması, müvafiq qaydada razılaşdırılması, infrastruktur layihələri altına düşən torpaq sahələrinin və obyektlərin layihə-smeta sənədlərində müvafiq qaydada nəzərə alınması məsələləri müzakirə edilib.
İclasda, həmçinin mövsümlə əlaqədar havaların isti keçməsi səbəbindən işğaldan azad edilmiş ərazilərdə layihələri icra edən qurumlar və podratçı təşkilatlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməsi iclas iştirakçılarının nəzərinə çatdırılıb.
İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Sevinc