Newscenter.az.1.07.2021. Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazdı. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır. 2020 ci il sentyabrın ayının 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tutması ermənilərin terrorçu, faşist və işğalçı xislətinin daha da pisləşməsini ortaya qoymuş oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğalçı erməni silahlı qüvvələrinin döyüş fəallığını azaltmaq məqsədilə həyata keçirdiyi düşməni sülhə məcburetmə əməliyyatları qısa müddət ərzində möhtəşəm uğurlar əldə olunmasına imkan verdi.
Qürurverici haldır ki, məhz Ali Baş Komandanımızın qətiyyəti sayəsində xalqımız həsrətində olduğu qələbə sevincini dadmış oldu. Ölkə başçısı İlham Əliyevin hər birimizin həyat amalına çevrilmiş “Qarabağ Azərbaycandır!” şüarı öz təsdiqini tapmış oldu. Bu gün üçrəngli bayrağımızın Füzulidə, Cəbrayılda, Suqovuşanda, Xudafərində və işğaldan azad olunmuş digər yaşayış məntəqələrimizdə dalğalanması hər bir azərbaycanlıda böyük fəxarət hissi yaradıb.
Döyüş meydanında Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında aciz qalan və böyük itkilər verərək geri çəkilməyə məcbur olan mənfur düşmən beynəlxalq konvensiyalarda təsbit olunmuş müharibə qaydalarını kobud şəkildə pozur. Belə ki, mülki əhalimizin yaşadığı məntəqələri atəşə tutan xain düşmən cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə də çoxsaylı raket zərbələri endirib. Erməni vandallığını bir daha nümayiş etdirən bu terror aktları və müharibə cinayətləri Xocalı qətliamının davamı olmaqla mülki şəxslərin, o cümlədən uşaqların və qadınların həyatına son qoymuş oldu. Lakin Azərbaycan xalqının qələbə əzmini azaltmağa və ölkəmizdə sabitliyi pozmağa yönələn düşmənin bu cəhdləri uğursuzluğa düçar oldu.
Şübhə yoxdur ki, Azərbaycan Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə müasir tariximizdə yeni səhifələrin açılmasını şərtləndirdi.Bu baxımdan, sevincini yaşadığımız parlaq qələbələrin memarı möhtərəm Prezidentimizin aşağıdakı fikirləri Azərbaycan dövlətinin strateji baxışlarını aydın ifadə edir: “Müharibə başa çatdıqdan sonra nəinki bölgə, həm də dünya dəyişdi. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlandı”.
Ağayeva Məleykə,
YAP Sabirabad rayon təşklatının sədri