Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldəniz Səlimov: "Azərbaycan polisi hər zaman güvəni, etimadı doğruldub"



Newscenter.az.2.07.2021. Bu gün-2 iyul Azərbaycan dövləti və Azərbaycan xalqının tarixində, həyatında, dövlətçiliyimizdə çox əlamətdar günlərdən biridir.

Bu gün Azərbaycan polisinin yaranma günü, daxili işlər orqanları əməkdaşlarının peşə bayramıdır.

Belə ki, 24 may 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndərimiz Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, 2 iyul Azərbaycan Polisi Günü elan olunub.

Həmin vaxtdan bu yana, düz 23 ildir ki, Azərbaycanda 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.
Bu yerdə qeyd etmək mütləq şəkildə yerinə düşər ki, Azərbaycan daxili işlər orqanları, Azərbaycan polisi yarandığı gündən çox şərəfli bir yol keçib, uzun bir məsafə qət edib.

Hər zaman öz üzərinə, çiyinlərinə düşən ağır vəzifələrin öhdəsindən şərəflə və layiqincə gəlib.

Xüsusilə, ikinci müstəqil Azərbaycanın qurucusu və banisi-Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə tarixi hakimiyyətə qayıdışından sonra Azərbaycan polisi Azərbaycan xalqının ümid, güvənc yeri olub.

Hər zaman insanlarımız, vətəndaşlarımız Azərbaycan polisini özünün arxa-dayağı bilib, ona güvənib, ona etimad göstərib.
Azərbaycan polisi də hər zaman bu güvəni, bu etimadı doğrultmağa çalışıb və əslində də doğruldub.

Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan insanı günün istənilən vaxtında, istənilən məkanda özünü asudə, rahat, tam güvənli, inamlı, təhlükəsiz hiss edir.

Bunlar da hamısı nəticə etibarilə Azərbaycan polisində, Azərbaycan daxili işlər orqanlarında peşəkarlığın yüksək səviyyədə olması, işin peşəkarlara etibar olunması ilə bağlıdır.

İstər Ulu Öndərimizin birinci və ikinci hakimiyyəti, istərsə də ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu 18 illik iqtidarlığı dövründə Azərbaycan polisinin peşəkarlığının, daxili işlər orqanlarının nüfuzunun daha da artırılması və möhkəmləndirilməsi istiqamətində çox böyük addımlar atılıb, gərəkən, lazım olan hər cür dəstək verilib.

Eyni zamanda, ali qanunverici orqan olan Milli Məclis səviyyəsində Azərbaycan polsinin, Azərbaycan daxili işlər orqanlarının işinin, fəaliyyətinin qanunvericiliyə uyğun olaraq, tənzimlənməsi istiqamətində önəmli addımlar atılıb, bu gün Azərbaycan polisi öz fəaliyyətini “Polis haqqında” çox mükəmməl və mütərəqqi bir qanunla tənzimləyir.

Xüsusilə, 1988-ci ildən başlayan, alovlandırlan Qarabağ münaqişəsinin, Qarabağ fitnənarlığının aradan qaldırılmasında, Azərbaycan torpaqlarının qorunmasında və ərazi bütövlüyünün təmin olunmasında Azərbaycan polisi müstəsna və tarixi fədakarlıq nümunəsi nümayiş etdirib.

Onlarla, yüzlərlə Azərbaycan polisi Vətən torpaqları uğrunda canını fəda edərək, Şəhidlik zirvəsinə yüksəlib, yüzlərlə, minlərlə daxili işlər orqanları əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında yaralanıb, xəsarət alıb, əlil olub.
Bunlar Azərbaycan polsinin qürur və şərəf tarixidir.

Azərbaycan polisi hər sınaqdan uğurla çıxdığı kimi, bu sınaqdan, bu imtahandan da şərəflə, üzüağ, alnıaçıq çıxmağı bacarıb.
Tarixi 44 günlük İkinci Vətən Müharibəsi bir daha bunun əyani təsdiqidir.

Azərbaycan polisi nəyə qadir olduğunu Şanlı və Rəşadətli Azərbaycan Ordusu ilə birlikdə bir daha ortaya qoydu, bir daha hər kəsə nümayiş etdirdi.

Eyni zamanda, Azərbaycan polisi 2020-ci ilin əvvəllərindən, qış aylarından dünyanı başına götürmüş, cənginə almış koronavirus pandemiyasının ölkəmizə təsirlərinin önlənməsində, daha ağır fəsadlara yol verilməməsində də öz sözünü dedi. Azərbaycan polisi həm də koronavirus pandemiyasının önlənməsində sözün əsl mənasında tarixi yazdı.

Azərbaycan polisinin xidmətinin bu gün belə yüksək səviyyədə olmasının Daxili İşlər naziri kimi cənab Vilayət Eyvazovun rolu, xidmətləri müstəsna və danılmazdır.

Onun Daxili İşlər naziri təyin edilməsindən sonra bu qurumda, daxili işlər orqanlarında qanunçuluq, yüksək peşəkarlıq, mədəni səviyyə çox yüksək səviyyəyə qalxdı və qaldırıldı.

İşində nöqsanlara yol verənlər dərhal cəzalandırldı, daxili işlər orqanlardından kənarlaşdırıldı, işinin, peşəsinin peşəkarları isə önə, qabağa çəkildi, onlara yüksək etimad, etibar göstərildi və qeyd etdiyimiz kimi, son bir il yarım-iki ildə yaşananlar, baş verənlər, həm koronavirus adlı “gizli düşmən”ə qarşı mübarizə, həm də açıq və qəsbkar düşmənə qarşı mücadələ Azərbaycan polsinin Uca məqamını bir daha yüksəltdi.
Odur ki, bu əlamətdar gün münasibəti ilə Daxili İşlər nazirimiz cənab Vilayət Eyvazov başda olmaqla, öz işinin peşəkarı olan bütün polis, daxili işlər orqanları əməkdaşlarını təbrik edir, onlara növbəti fəaliyyətlərində uğurlar və nailiyyətlər, Azərbaycan naminə növbəti fədakarlıqlar arzu edirəm!

Bəli, bu gün ürəklə və fəxrlə deyə bilərik ki, mənim polisim məni qoruyur, bizim polisimiz bizi, cəmi Azərbaycanı qoruyur!
Bayramınız, Gününüz mübarək olsun!

Eldəniz SƏLİMOV-Milli Məclisin deputatı
Xəbəri paylaş