Newscenter.az.2.07.2021. İsmayıllı rayonunda 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan çavuş Dəmirov Vüsal Aydın oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.
Newscenter.az xəbər verir ki, açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhid ailələri, qazilər, şəhidin hərbçi yoldaşları, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Pandemiya qaydalarına uyğun təşkil olunan tədbirdə dövlət himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhid Vüsal Dəmirovun şərəfli həyat yolundan bəhs edib. RİH başçısı vurğulayıb ki, şərəfli döyüş yolu keçən Vüsal və onun kimi oğullarımızın xatirəsi heç bir zaman unudulmayacaq. . Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır, şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.
Çıxışlarda tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Vüsal Dəmirovun gənclərə nümunə olan qısa, və şərəfli ömür yolundan danışılıb.
Vüsal Dəmirov 10 sentyabr 1993-cü ildə İsmayıllı şəhərində anadan olub. 2000-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2005-ci ildə Bakı şəhərinə gedərək Respublika Olimpiya İdman liseyinə daxil olub. Oranı bitirdikdən sonra 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. O, hərbi xidmətdə fərqlənməyə görə fəxri fərman və mükafatlara layiq görülüb. 2016- cı ilin Aprel döyüşləri və 2020-ci ildə Tovuz döyüşlərində də iştirak edib. Vüsal Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə o, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilib.
Xatirə bulaq kompleksinin açılışında İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Mərasim iştirakçıları abidə önünə əkil və gül dəstələri düzüb, sonda xatirə şəkili çəkilib.
Sevinc