Newscenter.az.2.07.2021. 2 iyul 2021-ci il tarixində "ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən, o cümlədən Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsinin bağlanış tədbiri təşkil edilib.
Newscenter.az xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kəstutis Yankauskas, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak ediblər.
Qonaqlar yerli icmaları dəstəkləmək üçün ailə biznesinə investisiya qoyuluşunun əhəmiyyətini vurğulayıblar.
2017-ci ildən start verilən layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik bizneslərini qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq, maliyyə uçotu və hüquqi xidmətlər kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar.200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 23-ü qadınlar tərəfindən idarə olunur.
O cümlədən 12-si isə məcburi köçkünlər tərəfindən reallaşdırılır. Bu yeni bizneslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə "ABAD" etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək.
Həmçinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə də yerində tanış olublar.
“Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən birbaşa , BMT-nin İnkişaf Proqramı tərəfindən isə qismən maliyyələşdilir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ABAD” publik hüquqi şəxsi ilə birgə reallaşdırılır.
Sevinc