Newscenter.az.3.07.2021. "Ölkəmiz üçün yeni iqtisadi hadisə kimi qiymətləndirilə bilən Azad İqtisadi Zonaların yaradılması geniş miqyas alan iqtisadi islahatların ən mühüm tərkib hissəsi hesab edilə bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov səsləndirib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunmaqdadır:
"Bu siyasətin davamı kimi Cənab Prezident tərəfindən bu layihənin bünövrəsinin qoyulması yerli və xarici azad biznesə yeni potensial verilməsi, innovativ sənaye quruculuğuna geniş meydan yaradılması və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir. Ələt İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir. Ümumi sahəsi 850 hektar olacaq AİZ-in 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb. Bu o deməkdir ki, artıq Ələt geniş sənaye zonası kimi öz qapılarını bütün investorların üzünə açıb və istehsal, emal, xidmət və digər fəaliyyətlərin həyata keçirilməsinə start veriləcək".
Deputat qeyd edib ki, beynəlxalq təcrübədə geniş yer alan Azad iqtisadi zonalar xüsusi rejim altında fəaliyyət göstərən ölkə ərazisinin bir hissəsidir: "Hazırda dünyanın 100-dən çox ölkəsində 1000-dən artıq XİZ fəaliyyət göstərir. Onların 500-ə yaxını Asiya və Sakit Okean regionunda, 200-dən çoxu Amerika qitəsi ölkələrində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda azad iqtisadi zonaların yaradılması sahəsində ötən müddətdə mühüm işlər görülüb. Belə ki, ən yaxşı beynəlxalq təcrübə öyrənilib, təhlillər aparılıb və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən 2019-cu ildə imzalanmış, “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanlara əsasən bu ərazidə iqtisadi fəaliyyətin hüquqi-texniki əsasları müəyyən edilib. Həmin sənədə əsasən, müvafiq dövlət qurumları AİZ-də biznes, vergi, gömrük, digər iqtisadi və sosial tədbirlərin hüquqi-iqtisadi mexanizmləri hazırlayıblar. Ələt AİZ-in Yol Xəritəsi müəyyən edilib. Belə ki, Ələt AİZ-də maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət. əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlər tətbiq olunacaq".
Aydın Hüseynov onu da diqqətə çatdırıb ki, Ələt AİZ-də fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək, müxtəlif növ güzəşt və stimullardırıcı addımlar tətbiq olunacaq:
"Xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutulur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texni tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda, maliyyə güzəştləri – subsidiyaların müxtəlif formalarını əhatə edir. Subsidiyalar büdcə vəsaitləri və güzəştli dövlət kreditləri hesabına – birbaşa və kommunal xidmətlərə aşağı qiymət qoymaqla, torpaq sahələrindən istifadə etmək üçün icarə haqqının azaldılması yolu ilə - dolayı formalarda verilə bilər. AİZ-də administrativ (inzibati) güzəştlər – müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsini nəzərdə tutulur".
Mehman