Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ələt AİZ ölkəmizə yeni texnologiya və innovasiyaların cəlb edilməsində mühüm rol oynayacaq



Newscenter.az.3.07.2021. Ələt Azad İqtisadi Zonasının (AFEZ) təməlinin qoyulması Azərbaycanın iqtisadi həyatında yeni səhifənin açılması, yeni dönəmin başlanması deməkdir. Cənab Prezident tərəfindən startı verilən bu nəhəng layihənin icrasına başlanılması nəinki son günlərin, ümumiyyətlə, son dövrlərin ən mühüm iqtisadi hadisələrindən biridir. Belə bir azad iqtisadi zonanın yaradılması Azərbaycanda böyük iqtisadi sıçrayışa səbəb olacaq. AFEZ-in təməlinin qoyulmasını Azərbaycan iqtisadiyyatının “ağ inqilab”ı da hesab etmək olar. Nəyə görə “ağ inqilab” deyirəm? Bunun üçün bir neçə ciddi, tutarlı əsaslarım, arqumentlərim var.

Əvvəla, AFEZ –in yaradılması ilə qeyri-neft sektorunun inkişafına əhəmiyyətli dərəcədə təkan veriləcək və neftdən asılılığımız minimuma enəcək. Biz indiyə qədər neftdən asılılığın azaldılması üçün müxtəlif addımlar atmışıq, layihələr həyata keçirmişik, paralellik prinsipi ilə hərəkət edərək digər sahələrin də inkişafı üçün lazımi işləri görmüşük. Lakin buna nail olmağın ən effektiv vasitələrindən biri də məhz azad iqtisadi zonanın yaradılmasıdır. Bu çoxşaxəli iqtisadi layihənin və ya modelin əsas hədəfi ilk növbədə qeyri-neft iqtisadiyyatının inkişafına mühüm töhfə verməkdir. Azad İqtisadi Zonanın yaradılması ölkə iqtisadiyyatında qeyri-neft sektorunu önə çıxaracaq. Qeyri-neft sektorundan Azərbaycan büdcəsinə gələn gəlirlər neft sektorundan büdcəyə daxil olan vəsaitlərin həcmini üstələyəcək. Bu isə öz növbəsində bütövlükdə iqtisadiyyatımızın inkişafına təkan verəcək.

Burada digər mühüm bir məqam yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir. Yeni yaradılan Azad İqtisadi Zonaya böyük sərmayələr qoyulacaq. Bu gün investorların məhz bu zonaya cəlb edilməsi üçün Azərbaycanda bütün ilk şərtlər var. Ümumiyyətlə, Azərbaycan bir çox cəhətləri ilə sərmayəçilər üçün cazibəli və əlverişli ölkədir. Ələt Azad İqtisadi Zonasında isə sərmayəçilər üçün ikiqat əlverişli şərait yaradılacaq. İlk növbədə, qanunvericilik sahəsində bir çox işlər görülüb, ayrıca qanun qəbul edilib. Bütün bunlar Ələt Azad İqtisadi Zonasında maliyyə və sığorta xidmətləri, torpaq münasibətləri, gömrük, miqrasiya, əmək münasibətləri, vergi tənzimlənməsi, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət, əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı xüsusi güzəştlərin tətbiq olunmasına imkan verəcək. Habelə, bu Azad İqtisadi Zonada fəaliyyət göstərəcək investorlar bütün vergilərdən azad ediləcək. Onlar üçün müxtəlif növ güzəşt və stimullaşdırıcı addımlar tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər, fiskal güzəştlər – müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılması və s. nəzərdə tutulur. Həmçinin Ələt Azad İqtisadi Zonasında adminstrativ güzəştlər - müəssisələrin qeydiyyatdan keçirilməsi, xarici vətəndaşların ölkəyə girişi və çıxışı prosedurlarının sadələşdirilməsi də nəzərdə tutulur. İnvestorları cəlb edən daha bir amil – Azərbaycandakı təhlükəsizlik mühitinin mövcudluğu da Ələt Azad İqtisadi Zonasını sərmayəçilər üçün cəlbedici edir. Hazırda ölkəmizdə tam təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınmasına şərait yaradır. Nəzərə alaq ki, əcnəbi sərmayəçilər üçün bu da olduqca həlledici amldir. Bir sözlə, Ələt Azad İqtisadi Zonasında yerli və xarici sərmayəçilər üçün maksimum əlverişli, rahat fəaliyyət imkanları yaradılacaq.

Zaman və məkan amilləri də tamamilə üst-üstə düşür. Məkan olaraq olduqca uğurlu məkan seçilib. Deyə bilərsiniz ki, niyə məhz Ələt? Çünki Ələt bunun üçün ən optimal seçimdir. Əlbəttə, başqa namizəd məkanlar da nəzərdən keçirilirdi. Lakin bu ərazi azad iqtisadi zonanın yaradılması üçün bütün parametrlərə, kriterlərə ən uyğun məkan hesab olunurdu. Sözügedən Azad İqtisadi Zonanın məhz Ələtdə yaradılmasının ilkin əsas səbəblərindən biri Ələt qəsəbəsinin ərazisində kənd təsərrüfatı üçün yararsız olan çoxlu boş torpaq sahələrinin mövcud olmasıdır. Həmçinin, Ələt paytaxta da kifayət qədər yaxındır Və infrastruktur layihələrinin icrası üçün burada artıq hazır və yaxud işlək vəziyyətdə olan bütün ilkin şərtlər (Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının mövcud olması, Beynəlxalq Dəniz Limanının burada yerləşməsi, beynəlxalq dəhlizlərin - Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələt ərazisindən keçməsi və s) vardır. Ona görə də logistika, nəqliyyat baxımından da bu yer çox əlverişlidir. Məhz bu amillərə görə Ələt ölkəmizdə ilk azad iqtisadi zonanın yaradılması üçün optimal məkan kimi seçilib.

Ələt Azad İqtisadi Zonası ölkəmizə yeni texnologiya və innovasiyaların cəlb edilməsində də mühüm rol oynayacaq. Burada bütün işlər dördüncü sənaye inqilabının tələblərinə əsaslanaraq icra ediləcək. Bütün bunlar isə bütövlükdə Azərbaycan iqtisadiyyatının müasir tələblərə uyğunlaşdırılmasına yol açacaq. Eyni zamanda yeni ixtisaslı kadrların işlə təminatına da və tezliklə ölkəmizə böyük investisiya axınının baş verməsinə də ciddi təkan verəcək. Belə bir zonanın yaradılmasının əhəmiyyəti barədə həm hakimiyyət eşalonunda, həm də ekspertlər tərəfindən uzun illər çoxsaylı müzakirələr aparılıb. Ancaq sözdən əməli işə keçmək üçün ən əlverişli məqam məhz indi yetişib. Biz bu layihəyə uğurlar diləyir, Prezident İlham Əliyevi təbrik edir və “Vətənə, millətə xeyirli olsun” deyirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş