Newscenter.az.3.07.2021. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın parlaq qələbəsi, həmçinin azad olunmuş ərazilərimizdə son dövrlərdə baş verən proseslər hər kəsin diqqət mərkəzindədir. Vətən müharibəsi ərzində və sonrakı mərhələlərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) üzv gənclər təşkilatları ilə birlikdə hər zaman aktiv fəaliyyət göstərərək, Azərbaycanın haqq səsi və həqiqətlərini dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırıb.
Cari dövrdə də regionda baş verən proseslərlə bağlı gənclər təşkilatlarının oynaya biləcəyi rolun müzakirəsi məqsədilə 2 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Regionda təhlükəsizlik və sülhün bərqərar olunmasında gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, NAYORA-nın baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə baş tutan konfrans zamanı NAYORA-nın sədri Azər Əliyevin “Gənclər təşkilatlarının regionda təhlükəsizlik və sülh quruculuğunda fəaliyyət istiqamətləri və qarşıda duran məsələlər”, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın “Regionda təhlükəsizlik və sülhün bərqərar olunması prosesində maneələr”, Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Regionda təhlükəsizlik və sülhü təmin edəcək qanun və normaların tətbiqi”, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyevin “Regionda təhlükəsizlik və sülh məsələlərinin dünya ictimaiyyətinə çatdırılmasında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rolu”, politoloq, “The Greater Middle East” layihəsinin rəhbəri Əli Hacızadənin “Post-müharibə dövründə regionda müdafiə və təhlükəsizlik məsələləri” mövzularında olan çıxışları konfransın əsas müzakirə mövzuları olub.
Həmçinin konfransda gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə sülhün qorunub saxlanılması və təhlükəsizliyin müxtəlif aspektləri müzakirə edilib.
Müzakirələrin sonunda çıxışçılar gənclərin suallarını cavablandırıblar.
Sevinc