Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva: “Füzuli və Zəngilan Ağdamdan sonra ən çox minalanmış ərazilərdir”



Newscenter.az.4.07.2021. Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində minalanmış ərazilərin xəritəsini əldə etməyə nail olur. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsi ilk növbədə Prezident İlham Əliyevin və Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O bildirib ki, Füzuli və Zəngilan Ağdamdan sonra ən çox minalanmış ərazilərdir:

"Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzulidə həyata keçirilir. Füzuli strateji əhəmiyyət kəsb edən ərazilərdən biridir. Bütün yol-nəqliyyat infrastrukturu buradan keçir. Ərazilərin minalardan təmizlənməsi bərpa prosesini və keçmiş məcburi köçkünlərin qayıdışının sürətlənməsini təmin edəcək. Eyni zamanda söhbət on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatının təhlükədən xilasından gedir".

Millət vəkili qeyd edib ki, mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində vasitəçilik missiyasını bu dəfə Rusiya həyata keçirdi:

"Bundan əvvəl 97 min minanın basdırıldığı Ağdamın xəritəsinin təqdim olunması isə Avropa İttifaqı və ABŞ-ın dəstəyilə baş tutdu. Görünən budur ki, fövqəlgüclər də azad olunmuş ərazilərin minalardan təmizlənməsində və regionda əməkdaşlıq və dayanıqlı sülhün bərpa olunmasında maraqlıdır. Ümumiyyətlə, Azərbaycan postmünaqişə dövründə regionun rifahına xidmət edən istənilən təşəbbüsü dəstəkləyir. Əməkdaşlıq mühitində hər zaman adekvat davranış sərgiləyən rəsmi Bakı qarşılıqlı güzəştlərin tərəfdarıdır. Sadəcə bu güzəştlər məqsədyönlü və konstruktiv xarakter daşımalıdır. Bu dəfə isə Azərbaycan humanist addım olaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib".

Ruhiyyə
Xəbəri paylaş