Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibədən sonra bütün döyüş iştirakçılarına psixoloji yardım edilməliydi



Newscenter.az.4.07.2021. 44 günlük Vətən müharibəsindən sonra mənfi bir tendensiya müşahidə edilir. İkinci Qarabağ müharibəsi iştirakçılarından olan qazilərimizin zaman-zaman intihar etməsi xəbərlərini alırıq. Bəs görəsən qazilərimizi intihara sürükləyən səbəblər hansılardır?

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Elyar İslamoğlu deyib ki, əslində müharibədən sonra bütün döyüş iştirakçılarına psixoloji yardım edilməliydi, hərbi hissələrə, şəhid və itkin ailələrinə psixoloqlar göndərilməliydi. Amma etmədilər:

"Sanki bu xalqın övladları müharibə bitənədək lazım imiş. Hər addımda onsuz da bunu göstərirlər".

Onun sözlərinə görə, orden-medal məsələsindəki haqsızlıq, hər gün qiymətlərin artması, işıq, qaz və suyun bahalaşması, müharibədən qayıdıb iş tapa bilməmək və çoxsaylı problemlər gəncləri yaşamaqdan bezdirir, intihara sürükləyir:

"O da qala müharibə keçmiş, yanında döyüş yoldaşları şəhid olan, yaralanan, yanan, tikə-parça olan qazilər. Oonlar daha həssasdır, daha tez inciyir, dünyadan küsür. Çünki müharibədən sonra bu qədər haqsızlıq, ədalətsizlik, laqeydlik olacağını heç kim gözləmirdi. Soruşun görün 10 müharibə iştirakçısından neçəsi bir daha müharibə olsa getmək istəyəcək?".

Elyar İslamoğlu qeyd edib ki, bunu ölkənin başıboş, harın, qudurğan məmurları etdi, insanları ölkəsindən küsdürdü, qazilərdə, müharibə iştirakçılarında vətənpərvərlik hisslərini öldürdü:

"Növbəti dəfə müharibə olsa getməsinlər deyə ordudakı, arxa cəbhədəki satqın və xainlər əlindən gələni etdi və istədiklərinə çatırlar".

Mehman
Xəbəri paylaş