Newscenter.az.4.07.2021. “Ötən il 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də diplomatiya sahəsində uğurlar qazanmaqdadır. Bunu son 21 gün ərzində cərəyan edən proseslər də təsdiq edir”.
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri təqdim etməsindən üç həftə sonra Füzuli və Zəngilan rayonlarındakı minalı ərazilərin xəritələrini də Azərbaycan tərəfinə təhvil verməsi ölkəmizin növbəti diplomatik uğurudur: “Birmənalı şəkildə bildirmək yerinə düşər ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Göründüyü kimi, işğalçı Ermənistan bütün cəbhələrdə Azərbaycana məğlub olur, ölkəmiz qarşısında geri çəkilir. Müharibədən bir qədər sonra revanşist xəyallarla yaşayan, belə demək mümkünsə, böyük iddialarda olan Ermənistan tərəfi bu gün artıq reallığı dərk etməkdədir. Məhz bunun nəticəsidir ki, Ermənistan son 21 gün ərzində üç rayondakı minalı ərazilərin xəritələrini bizə təhvil verdi”.
V.İskəndərov bildirib ki, xəritələrin verilməsi bir çox məqamlara görə xüsusi əhəmiyyət kəsb edir: “Əvvəla, Ağdamdan sonra ən çox minalanmış ərazilərin Füzuli və Zəngilanda olmasını unutmamalıyıq. Yəni xəritələrin qaytarılması gələcəkdə mina partlaması nəticəsində ola biləcək insan itkisinin qarşısını alacaq. Digər tərəfdən bu addım işğaldan azad edilmiş ərazilərdə, indiki halda Ağdam, Füzuli və Zəngilanda quruculuq-bərpa işlərinin görülməsinin sürətləndirəcək. Mən bu məqamda Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin Füzulidə həyata keçiriləcəyini, bu rayonun strateji əhəmiyyət kəsb etdiyini, bütün yol-nəqliyyat infrastrukturunun məhz bu ərazidən keçdiyini xüsusi olaraq vurğulamaq istəyirəm. Yəni bütün bu sadalananlar minalanmış ərazilərin xəritələrinin alınmasına nail olan Azərbaycanın postmüharibə dövründə necə böyük bir uğura imza atdığnı ortaya qoyur”.
NEWSCENTER.AZ