Newscenter.az.5.07.2021. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xeyrəddin Əliyevin fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Baxış zamanı oradan ümumi çəkisi 52 kq olan 29 ədəd çətənə kolu aşkar olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Bundan başqa RPİ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Cahangir Mahmudov saxlanlılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 8.06 qram, yaşadığı evdən isə 9.34 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.