Newscenter.az.5.07.2021. Jurnalistikanın ən vacib qaydası təsdiq edilmiş xəbəri paylaşmaqdır. Bu həm də peşə etikasının tələbidir. Əgər hər hansı bir informasiya yayılırsa və bunun ictimai əhəmiyyəti varsa, jurnalist ilk növbədə rəsmi mənbə ilə xəbəri dəqiqləşdirdikdən sonra cəmiyyətə çatdırmalıdır. Dəqiqlik, yoxsa operativlik dilemması qarşısında peşəkar jurnalistin üstünlük verdiyi məqam məhz birincidir - dəqiqlik! Professional mediada iş prinsipi bu cürdür. Lakin təəssüf ki, sosial mediaya bunu şamil etmək olmur.
Sosial media manipulyasiyaya açıqdır və bu səbəbdən də bilgi çirkliliyinə rast gəlmək olur.
Təəssüf ki, dünən Xəzər dənizində palçıq vulkanın püskürməsi ilə bağlı yayılan "xəbərlər" də bunu bir daha göstərdi. Məşhur "niguş texnologiyası" yenə də müxtəlif dezinformasiyaların sürətlə yayılmasına səbəb oldu. Bu isə baş verən hadisənin sırf təbiət hadisəsi olmasından xəbərsiz insanlarımızı narahat etdi, nigaran qoydu. Düşünün, o qazma yataqlarında çalışanların yaxınlarının, əzizlərinin durumunu..
Əslində bunun da bir sıra səbəbləri var ki, daha önəmli olan ikisini burada qeyd etmək mütləq lazımdır.
İlk səbəb sosial məsuliyyətlə bağlıdır. Sosial məsuliyyət - insanın özü, yaxınları, mənsub olduğu cəmiyyət qarşısında daşımalı olduğu məsuliyyətdir. Sosial media mühitinin azad olması, əsla bizləri cəmiyyət qarşısında daşımalı olduğumuz məsuliyyət hissindən azad etmir. Bu zaman səbrli davranmaq, rəsmi qaynaqların açıqlamasını gözləmək və yalnız bundan sonra hər hansı fikir və ya rəy bildirmək daha uyğun olmazmı? Lakin dünən bir neçə saatın içində ən fantastik versiyaların üzərində belə - məsələn, yatağımızın qonşu ölkələrdən biri tərəfindən raketlə vurulması kimi - ciddi müzakirələrin getdiyinin şahidi olduq.
İkinci səbəb isə rəsmi qaynaqların baş verən hadisəyə zamanında və adekvat reaksiya verməməsidir. Təəssüf ki, belə hallarda rəsmi mənbələrin gec reaksiyası, əlavə şayiələrin yayılmasına səbəb olur. Unutmaq olmaz: şayiə üçün ən münbit ortam, dəqiq və mötəbər informasiya qıtlığının olduğu ortamdır. Bu məqamı rəsmi strukturlarımızın pr xidmətləri və media sektoruna cavabdeh təmsilçiləri mütləq nəzərə almalıdırlar.
Vüqar Zifəroğlu-BDU-nun jurnalistika fakultəsinin dekanı