Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının dərdi "demokratiya" dərdi deyil



Newscenter.az.6.07.2021. Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin dəstəklənməsi üzrə elan etdiyi yardım proqramı bir daha Qərbin "ikili standartlar" siyasətindən çıxış etməsi faktını gün işığına çıxardı. Aİ-nin son dövrlər üçün bu ən böyük yardım proqramı ədalətsiz bir layihə kimi diqqət çəkir. Avropa Komissiyasına təqdim ediləcək bu layihəyə əsasən, təxminən 2,3 milyard avroluq vəsaitin 6 ölkə arasında bölünməsi nəzərdə tutulur. Biz bu layihənin Avropa Komissiyası tərəfindən məqsədəmüvafiq hesab ediləcəyini, dəstəklənib-dəstəklənməyəcəyini hələ ki, dəqiq bilmirik. Lakin hər halda ümid etmək istərdik ki, Avrokomissiya layihəni (daha doğrusu, vəsaitin bölgüsünü) məqsədəuyğun hesab etməyəcək və onu yenidən işlənməsi üçün geri qaytaracaq. Çünki açıq-aşkar görünür ki, layihə çərçivəsində maliyyə yardımlarının bölgüsü qeyri-bərabər aparılıb. Bu bölgünün ədalətsizliyi özünü bilavasitə məhz Azərbaycana münasibətdə aydın şəkildə büruzə verir.

Aİ qarşıdakı beş il ərzində bizim ölkəmizə cəmi 140 milyon avro yardım ayırmağı planlaşdırır. Lakin müvafiq dövrdə isə Ermənistana 1,5, Gürcüstana isə 1,125 milyard avro vəsait ayırmaq istəyirlər. Özü də Aİ bürokratiyasının təmsilçiləri bu cür fərqli və əcaib bölgünü kifayət qədər zəif arqumentlərlə əsaslandırmağa çalışırlar. Ancaq Aİ-nin Azərbaycan ilə Cənubi Qafqazın digər iki ölkəsinə münasibətdə sərgilədiyi "ikili standart"lara əsaslanan mövqeyini heç bir arqumentlə, mülahizə ilə gizlətmək mümkün deyil. Əlbəttə, Azərbaycanın bu cür cüzi və miskin məbləğə əsla ehtiyacı yoxdur. Lakin biz sözügedən layihədə təsbit olunan bölgünün qeyri-bərabərliyinin faktiki olaraq Azərbaycana qarşı haqsızlıq olduğunu açıq şəkildə deməliyik ki, Avropa İttifaqı da bizim bunun fərqində olduğumuzu bilsin.

Məlum məsələdir ki, bu cür ədalətsiz bölgüdən çıxış edən Avropa İttifaqının dərdi "demokratiya" dərdi deyil. Əgər demokratik dəyərlər onlar üçün bu qədər böyük önəm daşıyırdısa, onda məntiqlə Aİ demokratik standartlardan tamamilə uzaq olan Belarusu ümumiyyətlə, bu layihədən kənarda saxlamalıydı və bu ölkəyə 900 milyon avro məbləğində yardım göstərilməsini nəzərdə tutmamalıydı. Lakin Aİ faşizm və terrorizm yuvasına çevrilən Ermənistanla bərabər, qeyri-demokratik Belarusa da öz isti "qucağ"ını açırsa, deməli, məsələ heç də "demokratiyaya dəstək" məsələsi deyil. Bu saat Avropa İttifaqını demokratiya yox, hər şeydən öncə geosiyasət daha çox maraqlandırır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş