Newscenter.az.6.07.2021. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçohrə Məmmədova və Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri, professor Səbinə Hacıyeva Milan Politexnik Universitetinin əməkdaşları professor Nora Lombardini və doktorant Elena Fioretto tərəfindən təşkil olunmuş “Sərhədləri olmayan irs” adlı 3-cü beynəlxalq seminarda maraqlı məruzələrlə çıxış ediblər.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, “Azərbaycanın memarlıq irsi, bu günki vəziyyəti və qorunma problemləri” mövzusundakı məruzəsində rektor Azərbaycanın əsas memarlıq məktəblərinə xas olan memarlıq abidələrinin tarixi, memarlıq xüsusiyyətləri barədə məlumat verib, Qarabağda böyük dağıntılara məruz qalmış memarlıq irsimizin günümüzə çatmış vəziyyəti və qorunma problemlərindən danışıb, yarıdağılmış abidələrimizin indiki görüntüləri,işğal zamanı düşmənlərimiz tərəfindən İslam abidələrinin silinməsi, xristian abidələrimizin isə erməniləşdirilməsi cəhdləri barəsində sübutlar gətirib.
Professor Səbinə Hacıyeva isə “Azərbaycanın şimal-qərb bölgəsinin memarlıq irsi” adlı məruzəsində Azərbaycanın şimal-qərb ərazisindəki mövcud olan günümüzə qədər gəlib çatmış abidələri təhlil edib, bölgənin zəngin memarlıq irsi, inşaat və dekorativ sənətinin çoxəsrlik, mürəkkəb inkişaf yolunu əks etdirən abidələri barəsində məlumat verib. Qeyd edib ki, bu ərazilərdəki müdafiə, dini, mülki və müxtəlif tipli memarlıq abidələri Azərbaycanın memarlıq abidələri siyahısına daxildir və daha ətraflı tədqiq olunmalı və qorunub saxlanılmalıdır. Hər iki məruzə böyük maraqla qarşılanıb, məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.
Məlumat üçün qeyd edək ki, tədbir Avropa Birliyinin Erasmus + KA 107 “Sərhədləri olmayan irs” layihəsi çərçivəsində təşkil edilib və aşağıdakı universitetlər iştirak edib: Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gürcüstan Texniki Universiteti, Serbiyanın Novi Sad Universiteti və Yaponiyanın Tokio İncəsənət Universiteti. Seminar iki istiqamətdə təşkil olunub: memarlıq abidələrinin qorunmasına dair Milan Politexnik Universitetində tədris alan tələbələrin birgə işləməsi və professorların mühazirələri. Yeri gəlmişkən, tələbələrin birgə işlədiyi layihələrdən biri də Azərbaycanın şimal-qərb bölgəsində, Qax rayonunda yerləşən Yeddi kilsə monastır kompleksidir. Onu da qeyd edək ki, may ayında Milanda keçirilməsi planlaşdırılan, lakin karantin səbəbindən təxirə salınan tədbirin əhəmiyyəti nəzərə alınaraq onun onlayn keçirilməsi məqsədəuyğun hesab edilib. Seminarların məqsədi Serbiya, Azərbaycan və Gürcüstan kimi Şərqin müxtəlif strateji ölkələrinin mədəni, o cümlədən memarlıq irsinin qorunması vəziyyətinə diqqət yetirməkdir.
R.Mehdiyeva