Newscenter.az.6.07.2021. Şuşa Bəyənnaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Ağayeva Məleykə,
YAP Sabirabad rayon yəşkilatının sədri