Newscenter.az.6.07.2021. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Beynəxlalq güclərin təzyiqlərinə baxmayaraq Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.
Türkiyə-Azərbaycan münasibətləri Naxçıvan Muxtar Respublikasının həyatında da mühüm rol oynayıb.
Möhtərəm Prezident cənab İlham Əliyev də muxtar respublikaya səfəri çərçivəsində keçirdiyi görüşlərin birində bu amili xüsusi vurğulayaraq deyib ki, "Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynayıb”.
Azərbaycan Türkiyə ilə həm qonşu həm də tarixi irs, kökən, din, dil, adət, ənənə və mədəni cəhətdən yaxın iki xalqdır. Azərbaycan-Türkiyə mədəni əlaqələrinin tarixi və milli-mənəvi kökləri bir-biri ilə qırılmaz surətdə bağlı olan bir sıra amillərlə şərtlənir. Əldə olunan qələbədən sonra Naxçıvanla yaranacaq quru yol əlaqələri ümumilikdə qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
Ümümmilli liderin layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
İyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya göstərəcək. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi.
Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə ölkə Prezidenti xarici dövlətin başçısını Qarabağda qarşıladı. Cənab İlham Əliyev tərəfindən mədəniyyət paytaxtımız elan edilmiş Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bu tarixi bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Möhtərəm Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.
Bu bəyannamə Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Şuşa müttəfiqlik bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin qarşıdakı uzun bir zaman üçun böyük uğurlarının möhkəm təməli olacaqdır.
Tural Məmmədov-
Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi