Əfqanıstanda yenidən Taliban hakimiyyəti qurulacaq
Tarix: 7-07-2021, 12:08
Newscenter.az.7.07.2021. Son günlə Əfqanıstanda baş verən proseslər getdikcə dünyanın diqqət mərkəzinə çevrilməyə başlayıb. Artıq Əfqanıstanda bir neçə vilayəti "Taliban" silahlıları öz nəzarətinə götürüb. Bu isə Əfqanıstanda yenidən "Taliban" hakimiyyətinin qurulmasına doğru gesildiyi anlamına da gələ bilər.
ABŞ-ın qoşunları Əfqanıstandan çıxarıb, işğala son qoymaq niyyətində olduğunu düşünmək əlbəttə ki, özünü aldatmaq ola bilər. Ona görə ki, ABŞ 20 il ərzində yalnızca Əfqanıstanda gedən döyüşlərə 2 trilyon dollara qədər maliyyə vəsaiti xərxləyib və 3 minə qədər ordusundakı şəxsi heyətini itirib. Bütün bunları nəzərə alsaq, ABŞ-ın belə xoşniyyətdə olduğunu düşünməyimiz mənasız olar. Bəs o zaman ABŞ-ın burada atdığı addımların arxasında hansı planlar dayanır? ABŞ-ın Əfqanstandan çəkilmə qərarı yeni fikirdirmi ya uzun müddət bu məsələ ətrafında planlaşdırılmış işlər gedirdimi? ABŞ-ın atdığı bu addımlar qonşu və region ölkələrinə necə təsir edəcək?
Hesab edirəm ki, qoyulan suallara cavab axtarmaqla baş verən proseslərin haradan və kimdən qaynaqlandığını tapmaq olar.
2016-cı ildə Donald Tramp ABŞ-da prezident seçilən zaman ABŞ-ın Əfqanıstanda, Suriyada və İraqda olan qoşunlarını geri çəkəcəyi ilə bağlı açıqlama verdi. Qəbul edilmiş qərara uyğun olaraq da 2017-2019-cu illərdə ABŞ qoşunlarının bir hissəsinin Suriyadan və İraqdan çıxarılma prosesi davam etdi. Qəbul edilmiş bu qərar Əfqanıstanı da əhatə etməyə başladı.
2018-ci ilin sonu 2019-cu ilin əvvəllərindən başlayaraq dünya mətbuatında İŞİD-in İraqda və Suriyada getdikcə zəiflədiyi və İŞİD militanlarının Suriyadan və İraqdan ABŞ hərbi təyyarələri ilə Əfqanıstana daşınması haqqında informasiyalar yayılmağa başladı. Verilən təxmini məlumatlara görə İraqdan və Suriyadan Əfqanıstana 10 minə yaxın İŞİD üzvü ABŞ hərbi təyyarələri ilə daşınmışdır.
ABŞ qüvvələrinin Əfqanıstandan tamamilə çəkilməsi təbii ki, inandırıcı deyil. Görünən odur ki, ABŞ müəyyən sayda, təqribən 2500 nəfərədək şəxsi heyti Əfqanıstanda saxlamağa davam edəcək. ABŞ Əfqanıstandan tam çıxmamasının bir neçə səbəbi var. Bu səbəblər arasında
-Əfqanıstanın yeraltı təbii sərvətlərlə zəngin olması,
-Əfqanıstanın narkotik yetişdirilməsi və ticarətinin əsas mərkəzlərindən biri olması,
-Əfqanıstanın yerləşdiyi regionun ABŞ xarici siyasəti üçün əlverişli təsir vəasitəsi olması və s. məsələlər dayanır.
Əfqanıstanın müxtəlif və zəngin mədən yataqları vardır ki, yataqlar üç ayrı bölgədə yerləşir: Hindquş dağlarının şimalı, Qabil ətrafı, Kandahar'ın şimalı. Əhəmiyyətli mədənləri bunlardır: Kömür, dəmir, mis, qurğuşun, sink, natrium, maqnezium sulfat, maqnezium klorat, xrom, berilyum, sulfid, slyuda, talk, asbest və mərmər.
Hətta aparılan qazıntılar və araşdırmalar göstərdi ki,Əfqanıstanda çox zəngin təbii qaz yataqları da mövcuddur. Sözügedən bu məsələlər Əfqanıstanın əhəmiyyətini bir az daha artırmışdır. Nəzərə alsaq ki, son illər Çin şirkətləri Əfqanıstanın yeraltı mədənlərinin işlənməsinə ciddi maliyyə yatırımları edirlər, o zaman vəziyyətin nədən ibarət olduğu bir az daha aydın olar.
Əfqanıstanın dünyada narkotikin daha çox əkildiyi və satıldığı bölgələrdən olması dünya narkoticarəti üçün olduqca böyük imkanlar yaradır ki, bu da ABŞ üçün dünya narkoticarətini əldə saxlamaq üçün çox önəmli fürsətlər yaradır. ABŞ Əfqanıstanda becərilən narkotiki əldə saxlamaqla dünya narkotik bazarının böyük hissəsinə nəzarət etmək niyyətində olduğu görünür.
Əfqanıstanın vacib əhəmiyyətə malik geostrateji mövqedə yerləşməsi ABŞ üçün digər önəmli məsələlərdən biri kimi dəyərləndirilə bilər. Əfqanıstanın Mərkəzi Asiya, Çin, Pakistan və İranla həmsərhəd olması ABŞ-ın işini biraz daha rahatlaşdırmış olur. Yəni ABŞ Əfqanıstanda Talibanı gücləndirməklə sözügedən ölkələrə və regionlara təziq vasitəsi kimi istifadə etmək niyyətində olduğu açıq şəkildə görünməkdədir. Nəzərə alsaq ki, Çinin "Bir kəmər, bir yol" layihəsi və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri sözügedən regiondan keçir, o zaman regionun nə dərəcədə əhəmiyyətli olduğunu söyləmək mümkündür.
İndi artıq demək olar ki, hər gün Taliban silahlıları tərəfindən Əfqanıstanın bir və ya bir neçə ərazisi ələ keçrilməkdədir. ABŞ Əfqanıstanda atdığı bu addımlarla regionda daimi qeyri-sabitliyi saxlamaq və region ölkələrini nəzarətdə saxlamağa çalışır.
Nəhayət, ABŞ Talibanı Əfqanıstanda gücləndirməklə həm də İrana təzyiq etmək niyyətində olduğunu göstərir.
Samir Hümbətov-siyasi şərhçi












































