Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2021-ci ildə tanışlıq tətbiqləri



Newscenter.az.9.07.2021. Kaspersky onlayn tanışlıq tətbiqlərinin 2017-ci illə müqayisədə daha etibarlı olub-olmadığını yoxlamaq qərarına gəlib və dünyanın bu kateqoriyadan olan doqquz ən populyar tətbiqi təhlil edib: Tinder, Bumble, OkCupid, Mamba, Pure, Feeld, Her, Happn və Badoo*. Mütəxəssislər tanışlıq xidmətlərinin, xüsusilə məlumatların ələ keçirilməsi baxımından texniki olaraq daha yaxşı qorunduğunu müəyyən ediblər. Amma məxfilik riskləri qalmaqda davam edir: bu cür tətbiqlərdə kiber stalkinq (internetdə təqib olunma) və doksinq (bir şəxs haqqında məlumatın onun reputasiyasına xələl gətirmək üçün onun xəbəri və razılığı olmadan paylaşılması) məqsədləri üçün istifadə oluna biləcək xeyli sayda şəxsi məlumat saxlanılır.

2017-ci ildə araşdırılan doqquz tətbiqdən dördündə göndərilən məlumatları ələ keçirmək olurdu və bir çoxu şifrələnməmiş HTTP protokolundan istifadə edirdi. 2021-ci ildə vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Təhlil edilən tətbiqlərin heç biri HTTP-dən istifadə etmir və protokol etibarsızdırsa, məlumatlar ötürülmür.

Ancaq bir çox məxfilik problemi hələ də qalmaqdadır. Araşdırılan xidmətlərin əksəriyyətində sosial şəbəkə hesabı ilə qeydiyyatdan keçmək mümkündür. Bu halda, onda olan məlumatlar avtomatik olaraq yeni profilə ötürülür. Üstəlik, istifadəçilərdən harada işlədikləri və ya təhsil aldıqları barədə məlumatları da əlavə etmələri istənilir. Bu cür ətraflı məlumatlar şəxsin sosial şəbəkədəki axtarışını asanlaşdırır, gizlilik tənzimləmələri aktiv olmayan yerlərdə isə onun haqqında daha çox məlumat tapılır.

Happn, Her, Bumble və Tinder istifadəçilərindən olduqları yeri göstərmələri tələb olunur. Mamba kimi bəzi tətbiqlər onu hər metrinə kimi dəqiq göstərir. Happn-da hesab sahiblərinə yollarının öz “match”-ları (tətbiqdə qarşılıq verən şəxs) ilə neçə dəfə və harada kəsişdiyini görməyə imkan verən əlavə bir funksiya da var.

Bütün bu məlumatlar, habelə söhbətlər və fotoşəkillərin məzmunu, vebdə və ya real dünyada stalkinq (təqibetmə), həmçinin doksinq (bir şəxs haqqında məlumatın onun reputasiyasına xələl gətirmək üçün onun xəbəri və razılığı olmadan paylaşılması) üçün istifadə edilə bilər. Təhlil edilən tətbiqlər arasında Mamba şəkillərə ödənişsiz bulanıqlıq effekti əlavə etmək imkanı verən, Pure isə söhbətlərin ekran görüntülərini çəkməyə icazə verməyən yeganə tətbiqlərdir, çünki söhbət və fotoların məzmunu şantaj və ya doksinq vasitəsinə çevrilə bilər.
Məxfiliyin təmin edilməsi ilə bağlı bəzi əlavə seçimlər, tanışlıq tətbiqlərinin genişləndirilmiş funksiya seçimlərinə daxildir. Beləliklə, təhlil edilən xidmətlərin əksəriyyətinin ödənişli versiyalarında inkoqnito (gizli) rejimini aktivləşdirə bilərsiniz. Bu halda, profili yalnız sahibinin simpatiya bildirdiyi istifadəçilər görə bilir. Tinder və Bumble-ın ödənişli versiyalarında bölgəni əllə seçərək yerləşmə haqqında daha dəqiq detalları təqdim etməyə bilərsiniz.

“Aktiv olaraq şəbəkədə olmaq və eyni zamanda məlumatların gizliliyini saxlamaq elə də asan deyil. Onlayn tanışlıq tətbiqləri bunu açıq şəkildə göstərir. İnsanlar internetdə tanış olmaq və ünsiyyət qurmaq istəyirlər, amma təhlükəsiz şəkildə. Son bir neçə ildə tanışlıq xidmətlərinin, xüsusən də onların ödənişli versiyalarının daha etibarlı olduğunu müşahidə etmişik. Gələcəkdə məxfiliyin qorunması üçün vacib olan xüsusiyyətlərin bütün bu cür tətbiqlərdə ödənişsiz təqdim olunacağına ümid edirik ümid edirik. Tanışlıq xidmətlərindəki hesab sahiblərinin öz rəqəmsal təhlükəsizlikləri üçün edə biləcəkləri ən yaxşı şey profillərdə və söhbətlərdə özləri haqqında verdikləri məlumatları diqqətlə izləməkdir," deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Tatyana Şişkova bildirib.


Şirkət tanışlıq tətbiqlərinin istifadəçilərinə tövsiyə edir:
• profildə çox məlumat verməyin (soyad, işəgötürən, dostları ilə şəkillər, siyasi baxışlar);
• sosial media hesablarını onlayn tanışlıq tətbiqlərindəki profillərə bağlamayın;
• xidmət imkan verirsə, yerləşmə haqqında məlumatı əl ilə təyin edin;
• mümkün olduqda, yerləşməni əllə qeyd edin və iki faktorlu identifikasiyadan istifadə edin;
• tətbiqi istifadə etməyinizi dayandırdıqda profili silin və ya gizlədin;
• daxili mesajlaşma vasitəsilə ünsiyyət qurun və yalnız “match”-a güvəndiyiniz təqdirdə digər messencərlərə keçin, lakin bu vəziyyətdə də etibarlı bir platforma seçin;
• bütün cihazlarda Kaspersky Security Cloud kimi etibarlı bir təhlükəsizlik həllindən istifadə edin. O, zərərli fəaliyyətlərin aşkarlanmasına və ziyarət edilən saytların təhlükəsizliyini yoxlamağa kömək edəcəkdir.
Kaspersky-nin mütəxəssisləri futuroloji Yer 2050 saytında gələcəyin onlayn tanışlıq tətbiqləri barədə bir sıra proqnozlar veriblər. Onlarla burada tanış ola bilərsiniz: https://2050.earth/ru/tags/Love.
Tanışlıq xidmətlərinin istifadəsi ilə bağlı risklər barədə daha ətraflı buradan öyrənə bilərsiniz: https://securelist.ru/dating-apps-report-2021/102386/.

* Təhlil, 2017-ci ildə Tinder, Bumble, OK Cupid, Badoo, Mamba, Zoosk, Happn, Paktor və tanışlıq funksiyasına malik WeChat messenceri üçün aparılıb. Bütün hallarda həm Android, həm də iOS versiyaları nəzərdən keçirilib.
Xəbəri paylaş