Newscenter.az.9.07.2021. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyul ayı ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin təşkil olunması nəzərdə tutulub.
"Report" xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, ali təhsil müəssisələrinə qəbul prosesi yalnız imtahanın keçirilməsi ilə məhdudlaşmır və bir-biri ilə sıx bağlı olan müxtəlif mərhələlərdən ibarətdir.
Belə ki, imtahanlarda yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılmasına 10-14 gün vaxt sərf olunur, imtahan nəticələri elan olunduqdan sonra apellyasiya prosesi, daha sonra ixtisas seçimi mərhələsi, boş qalan plan yerlərinə yenidən ixtisas seçimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı və digər mərhələlər kifayət qədər vaxt tələb edir.
Yuxarıda qeyd olunanlar nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən bu il I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin bir dəfə keçirilməsi ilə bağlı qərar qəbul olunub.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlər III ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə iyulun 15-də , I və IV ixtisas qrupları üzrə isə 27-28 iyul tarixlərində keçiriləcək imtahanlarda iştirak etməlidirlər.